Azərbaycan və Qazaxıstan arasında İKT sahəsində Anlaşma Memorandumu imzalanıb.
GDP bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndə heyəti 5-7 avqust tarixində Qazaxıstana işgüzar səfər edib. Səfər çərçivəsində ETX və Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən İnformasiya Təhlükəsizliyi Komitəsi arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu imzalanıb. Memorandum tərəflər arasında informasiya təhlükəsizliyi, məlumat və təcrübə mübadiləsi istiqamətində birgə fəaliyyəti nəzərdə tutur.
ETX ölkə Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya”sının icrasına uyğun olaraq digər ölkələrin CERT-ləri və oxşar qurumları ilə əməkdaşlığın qurulması istiqamətində fəaliyyətini davam etdirir.