2025-ci il Azərbaycanda pul siyasətinin tədricən yumşaldılması ilə yadda qalıb və bu proses maliyyə bazarlarının əsas göstəricilərində də öz əksini tapıb.
GDP xəbər verir ki, bu barədə Bakı Fond Birjası tərəfindən hazırlanan “Azərbaycan Kapital Bazarına Baxış: Yanvar–Dekabr 2025” bülletenində qeyd olunub.
Bülletendə bildirilir ki, ilin əvvəlində 7,25% səviyyəsində olan yenidən maliyyələşdirmə dərəcəsi 2025-ci ilinin dekabr ayına qədər 6,75%-ə endirilib. Eyni zamanda faiz dəhlizi 8,25%-6,25% intervalından 7,75%-5,75% aralığınadək daraldılıb.
Hesabatda qeyd edilir ki, banklararası bazarın göstəriciləri də bu yumşalma mərhələsini aydın şəkildə əks etdirib. Belə ki, 1 həftəlik AINA indeksi 2025-ci ilin ortalarınadək azalma tendensiyasını davam etdirərək faiz dəhlizinin aşağı həddi ətrafında sabitləşib. 1 günlük AZIR indeksi isə il ərzində ümumilikdə pul siyasətinin istiqamətinə uyğun olaraq faiz dəhlizi daxilində dalğalanıb.
Pul siyasətindəki bu dəyişikliklər dövlət borc alətləri bazarında da hiss olunub. Belə ki, Azərbaycanın dövlət istiqrazları üzrə gəlirlilik əyrisi 2025-ci ilin dekabrında 2024-cü ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı istiqamətdə dəyişib.
Məlumata görə, qısamüddətli istiqrazların gəlirliliyi 2024-cü ildəki 8,30–8,81% aralığından 2025-ci ildə 6,69–7,01%səviyyəsinə enib. Orta və uzunmüddətli istiqrazlar üzrə də əhəmiyyətli azalma müşahidə olunub. Belə ki, 2 illik istiqrazların gəlirliliyi 9,58%-dən 7,42%-ə, 3 illik istiqrazların gəlirliliyi 10,33%-dən 7,80%-ə, 4 illik istiqrazların gəlirliliyi isə 10,98%-dən 8,14%-ə geriləyib.
Bununla belə, gəlirlilik əyrisinin hələ də yuxarı meylli (upward sloping) olması uzunmüddətli istiqrazların bazarda müddət mükafatı (term premium) daşımağa davam etdiyini göstərir.
Eyni zamanda gəlirliliklərin ümumi şəkildə sıxılması ötən illə müqayisədə makro-maliyyə sabitliyinin yaxşılaşdığını, inflyasiya gözləntilərinin zəiflədiyini və monetar şəraitin daha yumşaq müstəviyə keçdiyini nümayiş etdirir.
Müəllif:Aynur Qəniyeva


