2026-cı ilin yanvar–fevral ayları ərzində Bakı Fond Birjasının (BFB) ümumi ticarət dövriyyəsi illik müqaisədə 13,6 milyard manatdan 8,87 milyard manata enərək 4,74 milyard manat və ya 34,8% azalıb.
GDP Bakı Fod Birjasına istinadla xəbər verir ki,əqdlərin sayı da 5 396-dan 3 737-yə düşərək 30,7% geriləyib.
Hesabat dövründə Bakı Fond Birjasına dövlət qiymətli kağızları seqmentində diqqətçəkən dinamika müşahidə olunur. Həcm 142,7 milyon manatdan 434,4 milyon manata yüksələrək 204,4% artıb. Bununla belə, əqdlərin sayı 170-dən 28-ə enib və 83,5% azalıb. Bu isə bazarda daha iri həcmli, lakin daha az sayda əməliyyatların həyata keçirildiyini göstərir. Bütün artım təkrar bazar hesabına formalaşıb.
2026-cı ilin yanvar–fevral ayları ərzində ARMB notları üzrə isə kəskin artım qeydə alınıb. Həcm 16,6 milyon manatdan 187 milyon manata yüksələrək 1 028% artıb, əqdlərin sayı isə 26-dan 54-ə çataraq 107,7% artım göstərib. Xüsusilə ilkin bazarda genişlənmə müşahidə olunur, təkrar bazarda isə əməliyyatlar tamamilə dayanıb.
Korporativ qiymətli kağızlar seqmentində ümumi həcm 31% azalaraq 99,1 milyon manatdan 68,3 milyon manata düşüb, əqdlərin sayı da təxminən 30% azalıb. İlkin bazarda həcm yarıdan çox azalsa da, əqdlərin sayının 3 dəfədən çox artması emissiyaların daha kiçik nominal həcmlərlə həyata keçirildiyini göstərir. Təkrar bazarda isə həm həcm, həm də say azalıb. Səhmlər üzrə həcm cüzi artsa da, əməliyyat sayı əhəmiyyətli dərəcədə azalıb; istiqrazlarda isə əksinə, həcm azalsa da, say artıb.
İpoteka istiqrazları bazarında həcm 50,3% azalaraq 417,7 milyon manatdan 207,5 milyon manata düşüb. Bununla belə, əqdlərin sayı 62,5% artıb. Həm ilkin, həm də təkrar bazarda həcm yarıbayarı azalsa da, əməliyyat sayında artım qeydə alınıb.
REPO əməliyyatları ümumi dövriyyənin azalmasında əsas paya malik olub. Bu seqmentdə həcm 12,94 milyard manatdan 7,98 milyard manata enərək 38,4% azalıb, əqdlərin sayı isə 29,4% geriləyib. Dövlət istiqrazları üzrə REPO əməliyyatlarında azalma müşahidə edildiyi halda, ARMB notları üzrə REPO həcmində 28 dəfədən çox, əməliyyat sayında isə 22 dəfədən çox artım qeydə alınıb. Ən ciddi azalma isə korporativ qiymətli kağızlar üzrə REPO əməliyyatlarında baş verib – həcm 72,5%, say isə 67,9% azalıb.
Ümumi mənzərə göstərir ki, 2026-cı ilin ilk iki ayında bazar aktivliyi struktur baxımından dəyişib. Ümumi dövriyyə azalsa da, ilkin bazarda həcm 16,9%, əqdlərin sayı isə 3 dəfədən çox artıb. Təkrar bazarda isə həcm 43% yüksəlsə də, əməliyyat sayı 45% azalıb. Bu dinamika bazarda daha iri məbləğli, lakin daha az sayda əməliyyatların artdığını, eyni zamanda REPO seqmentindəki azalmaların ümumi dövriyyəyə əsas təsir göstərdiyini göstərir.

