İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı və Sumqayıt şəhərlərində yerləşən yaşayış komplekslərində ümumilikdə 359 tam təmirli mənzili vətəndaşlara təqdim edir.
Layihə çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Həmdəm Ağayev və Zəfər küçələrində inşa olunmuş yaşayış kompleksində 3 və 4 otaqlı olmaqla 79 mənzil təklif olunur. Eyni zamanda, Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 280 mənzil vətəndaşların ixtiyarına veriləcək.
Yeni mənzillər 14 iyul 2025-ci il tarixindən etibarən, saat 15:00-dan başlayaraq vətəndaşların seçimi üçün açıq olacaq. Mənzil seçimi və müraciətlərin qəbulu Elektron Hökumət Portalına (www.e-gov.az) inteqrasiya olunmuş Elektron İpoteka və Kredit Zəmanət sistemi vasitəsilə həyata keçiriləcək.
Mənzillərin təqdim olunması ilə bağlı ətraflı məlumat almaq üçün vətəndaşlar Fondun rəsmi internet səhifəsinə (www.mcgf.gov.az), rəsmi Youtube kanalına (youtube.com/@ipotekavekreditzemanetfondu), eləcə də “1549” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, indiyədək bu mexanizm çərçivəsində ümumilikdə 7 280 kirayə müqaviləsi imzalanıb.