Azərbaycan Mərkəzi Bankı tərəfindən investisiya şirkətləri üçün yeni korporativ idarəetmə standartları dərc olunub. Bu barədə “PAŞA Kapital” İnvestisiya Şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev 2024-cü il üzrə şirkətin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında məlumat verib.
Ceyhun Hacıyev bildirib ki, indiyədək Azərbaycanda heç bir investisiya şirkətində korporativ idarəetmə standartları mövcud olmayıb. Yeni standartlar investisiya şirkətlərinə qarşı çoxsaylı tələblər müəyyənləşdirir və bu tələblər 2025-ci ilin aprel ayından etibarən qüvvəyə minib. Mərkəzi Bank artıq tematik yoxlamalara start verib və investisiya şirkətlərindən audit hesabatlarının mətbuatda yayımlanmasını tələb edir.
“PAŞA Kapital”ın rəhbəri qeyd edib ki, bu yeni tələblər şirkətlərin şəffaflığını və hesabatlılığını artırmaq, həmçinin maliyyə sektorunda korporativ idarəetmənin səviyyəsini yüksəltmək məqsədi daşıyır. “Bu addımlar yerli kapital bazarlarının inkişafına və beynəlxalq standartlara uyğunlaşmasına töhfə verəcək,” – deyə Hacıyev əlavə edib.