Çin tənzimləyici qurumları ölkənin iri banklarına ABŞ xəzinə istiqrazlarına (treasuries) yatırımları məhdudlaşdırmaqla bağlı tövsiyələr verib.
GDP xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, tövsiyələr risklərin yüksək konsentrasiyası və bazarlarda artan volatilliklə əsaslandırılır. Tənzimləyicilər bankları yeni alışları məhdudlaşdırmağa və ABŞ xəzinə istiqrazlarının portfeldəki payını azaltmağa çağırıb. Qeyd olunur ki, bu addımlar Çinin dövlət ehtiyatlarına şamil edilmir.
Bildirilir ki, qərarın arxasında geosiyasi motivlər və ya ABŞ-a etimadın itirilməsi dayanmayıb. Əsas məqsəd risklərin diversifikasiyasıdır. Narahatlıqlar Vaşinqtonun fiskal siyasəti, dolların məzənnəsindəki dalğalanmalar və qlobal maliyyə bazarlarında qeyri-sabitliklə bağlıdır.
Eyni zamanda vurğulanır ki, ABŞ xəzinə istiqrazlarına xarici tələbat yüksək olaraq qalır və bazarda panika əlamətləri müşahidə edilmir. Bununla belə, Çinin trejərilərə yatırımları uzunmüddətli dövrdə azalma tendensiyası göstərir. Belə ki, 2013-cü ildə qeydə alınan pik səviyyə ilə müqayisədə bu göstərici demək olar ki, iki dəfə enib və Çin artıq ABŞ-ın ən böyük kreditoru statusunu Yaponiya və Böyük Britaniyaya ötürüb.




