Beynəlxalq analitik şirkəti “Fitch Solutions” Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnozlarını açıqlayıb. Hesabata görə, 2026-cı ildə ölkədə inflyasiya tədricən azalacaq və ilin sonuna inflyasiya göstəricisinin 5,6%-dən 5,0%-ə enəcəyi gözlənilir.
Ekspertlər qeyd edirlər ki, bu dinamika Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi 2–6% hədəf diapazonu daxilində qalacaq ki, bu da monetar siyasətin effektivliyini və makroiqtisadi sabitliyin qorunmasını təsdiqləyir. Bununla belə, analitiklər bir sıra yuxarı yönlü risklərə də diqqət çəkiblər. Hesabatda vurğulanır ki, Rusiyaya qarşı beynəlxalq sanksiyaların ərzaq ixracına mümkün təsiri və qlobal təchizat zəncirlərində yaranan pozuntular inflyasiya təzyiqini saxlaya bilər. Xüsusilə qeyd olunur ki, Azərbaycan taxıl, süd məhsulları və ət məhsullarının 20–30%-ni Rusiyadan idxal edir. Bu asılılıq nəqliyyat və əməliyyat xərclərində baş verən hər hansı dəyişikliyə qarşı həssaslıq yaradır və qiymət sabitliyinə təsir göstərə biləcək əsas amillərdən biridir.
“Fitch Solutions”un proqnozlarına əsasən, hökumət və Mərkəzi Bank tərəfindən həyata keçirilən struktur islahatları, qeyri-neft sektorunun inkişafı və diverifikasiya siyasəti inflyasiyanın idarə olunmasında mühüm rol oynayacaq. Eyni zamanda, xarici ticarət tərəfdaşlarının şaxələndirilməsi və ərzaq təhlükəsizliyi strategiyasının gücləndirilməsi risklərin azaldılmasına töhfə verə bilər. İqtisadçılar bildirirlər ki, proqnozların reallaşması qlobal enerji bazarlarının vəziyyətindən, regional geosiyasi proseslərdən və daxili tələb-təklif balansından asılı olacaq.
Qeyd edək ki, Fitch Solutions beynəlxalq kredit reytinqləri və iqtisadi təhlillər üzrə ixtisaslaşmış aparıcı analitik şirkətlərdən biridir.

