Fars körfəzi bölgəsindən qaz tədarükündə yaranan fasilələr Asiya ölkələrində ciddi böhrana səbəb olub.
“Financial Times” qəzetinin məlumatına görə, regiondakı gərginlik səbəbindən yaranan tədarük problemləri Hindistan, Pakistan və Banqladeşdə ciddi fəsadlar yaradıb.
Hindistanda qaz çatışmazlığı səbəbindən krematoriyalarda problemlər yaranıb, restoranlar isə fritüzdə yemək hazırlamağı dayandırmaq məcburiyyətində qalıb. Pakistanda hökumət dövlət qulluqçularını dördgünlük iş həftəsinə keçirib. Banqladeşdə isə universitetlər müvəqqəti olaraq bağlanıb.
Goldman Sachs-dan sərt proqnoz
Beynəlxalq maliyyə qurumu Goldman Sachs analitikləri bölgədəki vəziyyətlə bağlı proqnozlarını açıqlayıb. Analitiklərin hesablamalarına görə, münaqişənin aprel ayına qədər davam etməsi və Hörmüz boğazında iki aylıq hərəkət dayanmasına səbəb olması halında, Qətər və Küveytin ÜDM-i bu il 14 faiz azala bilər.
Daha əlverişli vəziyyətdə olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri neft tədarükünü alternativ marşrutlarla yönləndirə biləcəklər. Bu ölkələrdə ÜDM azalmasının müvafiq olaraq 3% və 5% səviyyəsində olacağı gözlənilir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın başlatdığı “Əbədi Qəzəb” əməliyyatından sonra Dubay fond bazarı 20 faizdən çox düşüb. Ekspertlər regiondakı gərginliyin davam edəcəyi təqdirdə enerji qiymətlərində yeni rekordların müşahidə oluna biləcəyini bildirirlər.

