Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti Braziliyanın Belem şəhərində keçirilən Ali Audit Orqanlarının (AAO) 3-cü SAI20 Sammitində (SAI20) ev sahibliyini həyata keçirən ölkənin dəvəti əsasında iştirak edib.
GDP xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də geniş təqdimatla çıxış etdiyi tədbirin yekununda Birgə Kommunike qəbul olunub.
Bu sənəddə İqlim Maliyyəsi və Enerji Keçidləri, Aclıq və Yoxsulluqla Mübarizə ilə bağlı əsas məsələlər üzrə 20 AAO-nun kollektiv mövqeyi və tövsiyələri əksini tapıb.
Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov INTOSAI-ın və Braziliya Hesablama Məhkəməsinin prezidenti Bruno Dantasla görüşüb,ölkəmizin COP29-a ev sahibliyi ilə bağlı təbriklərini çatdırıb . O, Bakıya səfərini səbrsizliklə gözlədiyini gələn il COP30 tədbirinin məhz Belem şəhərində keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Öz növbəsində Hesablama Palatasının sədr müavini Braziliya tərəfinə əlaqələrimizin inkişafının davam etdirilməsinin zəruriliyini bildirib.
Qeyd: Dünyada nüfuzlu təşkilat olan SAI20 G20-yə üzv ölkələrin AAO-ları arasında əməkdaşlığın gücləndirilməsində həlledici rol oynayır, qlobal idarəçilikdə şəffaflıq, hesabatlılıq və effektivliyi təşviq etmək öhdəliyi daşıyır.