Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu – İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətləri bazarında şəffaflığın artırılması məqsədilə “Broadband Mapping” və “E-Connection” platformalarını istifadəyə verəcək.
Gdp.az xəbər verir ki, “Broadband Mapping” xidməti vətəndaşlara və biznes subyektlərinə ünvan üzrə real xidmət göstərən internet provayderlərini interaktiv xəritə üzərindən görməyə imkan yaradacaq. “E-Connection” platforması isə provayderlərin tarif və texniki göstəricilərini müqayisə etməyə, seçilmiş operatora birbaşa elektron müraciət göndərməyə və prosesin icrasını onlayn izləməyə şərait yaradacaq.
İKTA bildirir ki, yeni model beynəlxalq qabaqcıl təcrübələrə əsaslanır və bazarda rəqabəti gücləndirməklə yanaşı, istifadəçilərin məlumatlı seçim imkanlarını genişləndirəcək. Layihəyə qoşulan provayderlər dövlət platformasında əlavə xərc olmadan tanıtım imkanı əldə edəcəklər.
Hazırda test rejimində olan “E-Connection” xidmətinin 2026-cı ilin mart ayında tam istifadəyə verilməsi planlaşdırılır.

