İcbari Sığorta Bürosu (İSB) sığorta xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində növbəti yeniliyi təqdim edib. İSB-nin rəsmi internet səhifəsində “Sığorta haqqını hesabla” adlı yeni rəqəmsal xidmət istifadəyə verilib, eyni zamanda Şəxsi Kabinet yenilənib.
Yeni funksionallıq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqını real vaxt rejimində onlayn hesablamağa imkan verir.
Xidmət vasitəsilə vətəndaşlar mülkiyyətində olan və ya digər qanuni əsaslarla istifadə etdikləri nəqliyyat vasitələri üzrə sığorta haqqını müqavilə bağlamazdan əvvəl hesablaya, həmçinin məbləğin formalaşmasına təsir edən əsas göstəricilərlə tanış ola bilərlər.
“Sığorta haqqını hesabla” funksionallığından İSB-nin rəsmi internet səhifəsindəki Şəxsi Kabinet vasitəsilə istifadə etmək mümkündür. Bunun üçün istifadəçi “Daxil ol” bölməsindən myGov ID, SİMA İmza, Asan İmza və ya Elektron imza (e-imza) vasitəsilə Şəxsi Kabinetə daxil olmalıdır.
Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsinin nömrəsi daxil edildikdən sonra sığorta haqqının hesablanması üçün tələb olunan məlumatlar aidiyyəti dövlət qurumlarının və İSB-nin informasiya sistemlərindən avtomatik əldə edilir.
Hesablama nəticəsində istifadəçiyə yekun sığorta haqqı ilə yanaşı, məbləğin formalaşmasına təsir göstərən əsas göstəricilər də təqdim olunur. Buraya sığortalı günlərin sayı və tətbiq edilən sığorta tarixçəsi əmsalı da daxildir.
İSB-nin rəsmi internet səhifəsi üzərindən təqdim edilən Şəxsi Kabinet də yenilənib. Kabinetin ekran görünüşü və funksional imkanları təkmilləşdirilib. Sığortalılar artıq qüvvədə olan icbari sığorta müqavilələri haqqında məlumatları daha rahat əldə edə, o cümlədən müqavilələrinin bitmə tarixini öyrənə bilərlər.
İSB-nin həyata keçirdiyi yeniliklər vətəndaşların sığorta məlumatlarına çıxışını asanlaşdırmaq, rəqəmsal xidmətlərdən istifadə imkanlarını genişləndirmək və sığorta prosesində şəffaflığı artırmaq məqsədi daşıyır.

