İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 468,0 milyon manat təşkil edib.
GDP xəbər verir ki, məlumata əsasən, bu mənbə üzrə daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz və ya 24,6 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə məcburi dövlət sosial sığorta haqları 8,2 faiz artaraq 347,5 milyon manata yaxın olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin yanvar ayı ilə müqayisədə 7,4 faiz artaraq 17,2 milyon manatdan çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə bu göstərici isə 10,9 faiz artaraq 14,5 milyon manata yaxın olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 2025-ci ilin yanvar ayına nisbətən 1 faiz artaraq 80,2 milyon manata yaxın təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə icbari tibbi sığorta haqları 2,4 faiz artaraq 62,4 milyon manatdan artıq olub.

