Azərbaycanda “ƏDV geri al” mexanizminin avtomatlaşdırılması istiqamətində yeni sistem tətbiq olunacaq. Kartla həyata keçirilən ödənişlər zamanı ƏDV-nin geri qaytarılması üçün çekin skan edilməsi tələb olunmayacaq və proses avtomatik şəkildə həyata keçiriləcək.
GDP xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən forum zamanı məlumat verib. Onun sözlərinə görə, yeni sistem yaxın günlərdə istifadəyə veriləcək.
Məlumata əsasən, layihə sosial tərəfdaşlıq çərçivəsində Kapital Bank və PAŞA Bank ilə birgə həyata keçirilir. Həmin bankların kartları ilə edilən ödənişlər zamanı yeni nəsil kassa aparatlarının təqdim etdiyi çek məlumatları vətəndaşların elektron kabinetində avtomatik əks olunacaq.
Beləliklə, ƏDV-nin geri qaytarılması üçün müraciətin formalaşdırılması prosesi tam avtomatik qaydada baş verəcək və istifadəçilər əlavə əməliyyatlar etmədən geri ödənişi əldə edə biləcəklər.
Qeyd edək ki, yeni mexanizmin tətbiqi həm vergi sistemində şəffaflığın artırılmasına, həm də vətəndaşlar üçün ƏDV-nin geri alınması prosesinin daha sürətli və sadə olmasına xidmət edir.

