Mərkəzi Bankın əməkdaşları beynəlxalq layihə çərçivəsində elmi tədqiqat işi dərc ediblər
GDP xəbər verir ki, Mərkəzi Bank İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyi (SECO) və Cenevrə Ali İnstitutunun birgə təşkil etdiyi “İkitərəfli Yardım və Mərkəzi Bankların Potensialının Gücləndirilməsi (BCC)” proqramı çərçivəsində yeni elmi tədqiqat işi həyata keçirib.
Tədqiqat “Likvidlik şəraitindən asılı overnayt banklararası faiz dərəcəsinin dəyişkənliyi: əsas determinantlar və siyasət tövsiyələri” mövzusuna həsr olunub.
GDP xəbər verir ki,elmi məqalənin müəllifləri Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov, Tədqiqatlar departamentinin əməkdaşları Aygün Qarayeva, Elmir Muxtarov və Əli Hacılıdır. Onlar 2025-ci ildə üç ay ərzində xarici ekspertlərlə birgə bu tədqiqat üzərində çalışıblar.
Tədqiqat işi mart ayında Cenevrə Ali İnstitutunun platformasında işçi məqalələr silsiləsində dərc edilib. Elmi məqalə həmçinin Mərkəzi Bankın rəsmi saytında da yerləşdirilib.
BCC proqramı çərçivəsində əməkdaşlıq 2014-cü ildən uğurla davam edir. Proqramın platformasında müxtəlif illərdə Mərkəzi Bankın əməkdaşlarının elmi tədqiqat işləri işçi məqalə kimi yayımlanıb və beynəlxalq elmi ictimaiyyət üçün açıqdır.
Mərkəzi Bankda tədqiqat potensialının gücləndirilməsinə və elmi işlərin beynəlxalq səviyyədə tanınmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə layihələrin gələcək illərdə də davam etdirilməsi planlaşdırılır.

