Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov GDP -yə verdiyi eksklüziv açıqlamada ölkə banklarında kiberdələduzluq halları ilə bağlı aktual məsələlərə aydınlıq gətirib. O bildirib ki, bankların kiberdələduzluqlarda maraqlı olması mümkün deyil və belə iddialar əsassızdır.
“Banklar kiberdələduzluqların edilməsində maraqlı ola bilməz. Çünki bankların əsas məqsədi müştərilərinə təhlükəsiz xidmət göstərməkdir. Hər hansı bir bankın müştərilərinə qarşı kiberdələduzluğa maraqlı olması mümkün deyil,” – deyə Vüsal Xəlilov vurğulayıb.
Mərkəzi Bankın Sədr müavini qeyd edib ki, müxtəlif qruplar tərəfindən kiberdələduzluğun fərqli üsulları tətbiq olunur və bu tələlərə xüsusilə məlumatı az olan insanlar düşə bilir. Bununla belə, indiyədək heç bir bankın kiberdələduzluqlarda iştirakı ilə bağlı fakta rast gəlinməyib.
“Əgər kimdəsə belə faktlar varsa, bu məlumatlar Mərkəzi Banka təqdim olunmalıdır. ” – deyə o əlavə edib.
Vüsal Xəlilovun sözlərinə görə, Azərbaycanda kiberdələduzluq halları mövcud olsa da, onların miqyası beynəlxalq miqyasda baş verənlərlə müqayisədə kifayət qədər azdır:
“Əvvəlki illərlə müqayisədə artım var, amma digər ölkələrlə müqayisə etsək, Azərbaycanda vəziyyət nəzarət altındadır. Bu hallar sıfıra enə bilməz, çünki elə bir ölkə yoxdur ki, orada kiberdələduzluq ümumiyyətlə mövcud olmasın,” – deyə sədr müavini bildirib.
Mərkəzi Bank rəsmisi bəzi şəxslərin bank əməkdaşlarının guya kiberdələduzlarla əlbir olması ilə bağlı səsləndirdiyi iddialara da münasibət bildirib. O, bu cür ittihamların faktlara söykənməli olduğunu qeyd edib:
“Əgər hər hansı bir vətəndaş və ya ekspert konkret faktlara əsaslanırsa, bu məlumatı səsləndirsin. Amma sübut olmadan səsləndirilən fikirlər ciddi ittiham xarakteri daşıyır. Əgər bu barədə konkret məlumat varsa, mütləq şəkildə Mərkəzi Banka bildirilməlidir ki, biz araşdırma aparaq,” – deyə Vüsal Xəlilov açıqlamasını yekunlaşdırıb.
Müəllif: Aynur Qəniyeva