2025-ci ilin dekabr və 2026-cı ilin fevral ayları ərzində Azərbaycan bank sektorunun xalis xarici aktivlər 25 844,2 mln. manatdan 26 516,7 mln. manata yüksələrək 672,5 mln. manat və ya 2,60% artım nümayiş etdirmişdir. Bu artımın əsas hissəsi dekabr-yanvar dövründə formalaşmış və həmin mərhələdə göstərici 803,4 mln. manat və ya 3,11% yüksəlmişdir. Fevral ayında isə əksinə 30,9 mln. manat və ya 0,49% azalma müşahidə olunmuşdur. Bu dinamika göstərir ki, xarici sektor ümumilikdə güclənmiş, xarici valyuta daxilolmaları artmışdır. Lakin son mərhələdə müəyyən sabitləşmə və ya korreksiya baş vermişdir ki, bu da dövlətin xarici ödənişlərinin (borc ödənişləri, idxal xərcləri və s.) artması, Mərkəzi Bankın valyuta satışı etməsi və ya xarici aktivlərin bir hissəsinin daxili bazara yönəldilməsi ilə əlaqədar ola bilər.
Bunun əksinə olaraq, xalis daxili aktivlər 24 016,1 mln. manatdan 22 599,3 mln. manata enərək 1 416,8 mln. manat və ya 5,90% azalmışdır. Bu azalma əsasən dekabr–yanvar mərhələsində baş vermiş və həmin dövrdə göstərici 2 477,5 mln. manat və ya 10,3% geriləmişdir. Fevral ayında isə vəziyyət qismən yaxşılaşmış və 1 061,7 mln. manat və ya 4,93% artım qeydə alınmışdır. bu fevralda dövlət xərclərinin artması, Mərkəzi Bankın siyasətini qismən yumşaltması və ya bank sisteminə yeni likvidlik daxil olması ilə bağlı ola bilər. Ümumilikdə isə bu dəyişikliklər daxili maliyyə mənbələrinin müvəqqəti zəiflədiyini, lakin sonradan müəyyən bərpa prosesinin başladığını göstərir.
İqtisadiyyata tələblərdə daha sabit dinamika qeydə alınıb. Belə ki, bu göstərici 29 592,5 mln. manatdan 29 666,3 mln. manata yüksələrək 73,8 mln. manat və ya 0,25% artıb. Bu, kredit bazarında nə ciddi canlanma, nə də azalma olmadığını, iqtisadi subyektlərin borclanma davranışında ciddi dəyişiklik baş vermədiyini göstərir. Banklar ehtiyatlı kredit siyasəti aparır, iqtisadi subyektlərin isə borclanma davranışının kəskin dəyişmədiyi aydın görünür.
Geniş pul kütləsi isə əks istiqamətdə dəyişmişdir. Göstərici 49 860,3 mln. manatdan 49 116,1 mln. manata enərək 744,2 mln. manat və ya 1,49% azalmışdır. Bu azalma əsasən dekabr-yanvar ayları ərzində baş vermişdir və bu dövrdə 1 674,2 mln. manat və ya 3,36% geriləmə qeydə alınmışdır. Fevral ayında isə 930,0 mln. manat və ya 1,93% artım müşahidə olunmuşdur ki, bu da dövlət xərclərinin artması, büdcə transfertləri və ya Mərkəzi Bankın siyasətini qismən yumşaltması hesabına likvidliyin qismən bərpası ilə əlaqədar ola bilər. Lakin ümumi dinamika pul təklifində azalma tendensiyasının üstün olduğunu göstərir.
Manatla geniş pul kütləsi daha kəskin azalma ilə fərqlənmişdir. Bu göstərici 40 393,7 mln. manatdan 39 190,7 mln. manata enərək 1 203,0 mln. manat və ya 2,98% azalmışdır. Bu hal pul strukturunda dəyişikliklərin baş verdiyini göstərir. Belə ki, manatla olan vəsaitlərin azalması fonunda xarici valyutanın nisbi payının artması və ya əmanətlərin strukturunda dəyişiklik ehtimalını güclənir. Belə nəticəyə gəlmək olar ki, manat likvidliyi hədəfli şəkildə azaldılmışdır.
Pulun dövretmə sürəti isə ən çox diqqəti cəlb edən dəyişikliklərdən birini nümayiş etdirmişdir. Bu göstərici 3,20-dən 2,83-ə enərək 0,37 vahid və ya 11,56% azalmışdır. Dövretmə sürəti ardıcıl olaraq hər iki ayda azalmışdır dekabr-yanvar aralığında 0,03,yanvar-fevral ayları aralığında isə 0,04 azalma qeydə alınıb. Bu, pulun iqtisadiyyatda dövriyyəsinin əhəmiyyətli dərəcədə yavaşladığını, pul vahidinin daha yavaş dövr etdiyini göstərir. Başqa sözlə, mövcud pul kütləsi ilə daha az mal və xidmət alqı-satqısı həyata keçirilir. Əhali və biznes pulu xərcləmək, investisiya etmək əvəzinə yığmağa üstünlük verir ki, bu da iqtisadi fəallığın zəifləməsinə işarə edən əsas göstəricilərdən biridir.
Beləliklə, ümumi nəticə olaraq demək olar ki, 2026-cı ilin fevral ayında xarici sektor nisbi olaraq güclənmiş, lakin daxili aktivlər və pul təklifi azalmışdır. Manatla pul komponentinin daha sürətli daralması və pulun dövretmə sürətinin əhəmiyyətli şəkildə zəifləməsi göstərir ki, iqtisadi subyektlər daha ehtiyatlı davranmağa başlamış, likvidlik isə dövriyyədən qismən çəkilərək yığıma yönəlmişdir. Bu isə pulun real sektora ötürülmə mexanizminin zəiflədiyini və iqtisadi fəallığın süstləşdiyini göstərir.
Müəllif: Aynur Qəniyeva

