Son bir ildə dünyanın ən varlı 500 insanının sərvəti 1,5 trilyon dollar artaraq ilk dəfə 10 trilyon dolları keçib.
GDP xəbər verir ki, ən zəngin 10 iş adamından yalnız ikisi texnologiya sektorundan kənardır. Bunlar lüks məhsullar istehsal edən LVMH holdinqinin qurucusu Bernar Arno (5-ci yer) və 10-cu yeri tutan, Berkshire Hathaway-in investisiya eksperti Uorren Baffetdir.
Siyahının lideri böyük fərqlə Tesla və SpaceX-in qurucusu İlon Maskdır – onun sərvəti 432 milyard dollara çatıb. Son bir ildə onun sərvəti 203 milyard dollar artıb. İkinci yerdə Amazon-un qurucusu Ceff Bezos (sərvəti 239 milyard dollar), üçüncü yerdə isə Meta-nın (keçmiş Facebook) rəhbəri Mark Zukerberq (207 milyard dollar) qərarlaşıb. Onlarla birlikdə siyahıya digər texnologiya nəhənglərinin qurucuları – Jensen Huang (Nvidia), Sergey Brin və Larri Peyc (Google), Larri Ellison (Oracle), Maykl Dell (Dell) daxildir.
Bloomberg qeyd edir ki, bu şirkətlər milyarderlərin ümumi sərvət artımının 43%-ni təşkil edir və S&P 500 indeksinin il ərzində 24% artımına töhfə verən artımın yarısından çoxunu təmin ediblər.