“Morgan Stanley” analitikləri süni intellekt (AI) sənayesində formalaşan təhlükəli kapital dövriyyəsi modelinə diqqəti cəlb edib.
GDP xəbər verir ki, bankın hesabatında qeyd olunur ki, “OpenAI” ətrafında cəmlənən investisiya dairəsi real gəlirlərdən çox, qarşılıqlı öhdəliklər hesabına böyüyür və bu, genişmiqyaslı sistemli risk yaradır.
Hesabata görə, “Microsoft”un “OpenAI”-yə qoyduğu 13 milyard dollarlıq sərmayə, şirkətin bulud xidmətlərinə 250 milyard dollaradək xərcləmə öhdəliyi ilə müşayiət olunub. Eyni zamanda, “Oracle” 300 milyard dollarlıq saziş çərçivəsində əldə etdiyi vəsaiti “Nvidia” çiplərinə yönəldir. “Nvidia” isə “OpenAI”-yə sərmayə qoyur, “OpenAI” isə həmin qrafik prosessorlarını satın alır. Bundan əlavə, “Amazon” 50 milyard dollarlıq yatırım ayırır, “OpenAI” isə “AWS” platformasına 100 milyard dollar xərcləməyi öhdəsinə götürür.
“Morgan Stanley” bu modeli “kapitalın daxili dövriyyəsi” adlandırır. Analitiklər vurğulayır ki, sənayedə müşahidə olunan artım real əməliyyat gəlirlərindən deyil, əsasən tərəflər arasında formalaşan öhdəliklərdən qaynaqlanır.
Risk tərəfi isə kritik həddədir. Məlumata əsasən, “OpenAI” hazırda ildə təxminən 13 milyard dollar gəlir əldə etsə də, şirkətin ümumi xərcləmə öhdəlikləri 1 trilyon dolları ötür. Ekspertlərin fikrincə, bu öhdəliklərin ödənilməsi üçün lazımi gəlir gələcəkdə reallaşmadığı təqdirdə, zəncirin bütün halqaları — “Microsoft”, “Amazon”, “Oracle”, “Nvidia” kimi texnoloji nəhənglər eyni vaxtda ciddi təzyiqlə üzləşə bilər.
Analitiklər bu vəziyyəti sadəcə bazar həyəcanı deyil, sistemli risk kimi dəyərləndirirlər. Onlar qeyd edirlər ki, süni intellekt sənayəsində formalaşan bu kapital dövriyyəsi modeli yaxın gələcəkdə həm şirkətlərin maliyyə sabitliyinə, həm də ümumi texnoloji bazara təsir göstərə bilər.

