“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov COP29 çərçivəsində ICESCO-nun təşkilatçılığı ilə PAŞA Həyat Sığorta şirkəti və İRS Nəşriyyat Evinin birgə əməkdaşlığı ilə ərəb dilində nəşr olunmuş “Şuşa” kitabının təqdimat mərasimində çıxış edib.
GDP xəbər verir ki, o, çıxışında şirkətin Azərbaycan sığorta bazarındakı lider mövqeyini və rəqəmsal transformasiya strategiyasını tətbiq edən ilk şirkət olduğunu vurğulayıb:
““PAŞA Həyat Sığorta” olaraq, məqsədimiz yalnız mənfəət əldə etmək deyil, ölkəmiz və cəmiyyətimiz üçün dəyər yaratmaqdır. Bu istiqamətdə nəşriyyat evi və Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edərək, müxtəlif dillərdə kitablar hazırlayırıq. Təqdim olunan kitabda sufi mədəniyyəti, xalqımızın mədəni irsi və ölkəmizin mədəniyyətinin zənginlikləri öz əksini tapıb.”
Niyaz İsmayılov, çıxış edən qonaqların Azərbaycanın İslam dünyasının mədəni mərkəzi olduğunu qeyd etdiklərini və 28 il işğal altında olan torpaqlarımızın Prezident İlham Əliyevin liderliyi ilə azad edildiyini diqqətə çatdırıb.
“Şuşa” kitabı vasitəsilə tarixi irsimizi dünyaya tanıtmaq, zəngin mədəniyyətimizi beynəlxalq arenaya təqdim etmək əsas məqsədimizdir,” – deyə o əlavə edib.