Azərbaycanda dövlət dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizmi çərçivəsində qarğıdalı sahələrinin sığortalanması üçün müraciət müddəti avqustun 20-də başa çatacaq.
Aqrar Sığorta Fondunun məlumatına görə, qarğıdalı əkini ilə məşğul olan fermerlər qarşıdakı 3 gün ərzində sahələrini sığortalamaq üçün Fonda müraciət edə bilərlər.
Azərbaycanda ümumilikdə 34 min hektaradək ərazidə qarğıdalı əkilir. Ən böyük əkin sahələri Şəki-Zaqatala iqtisadi rayonunun payına düşür. Burada 14 min hektar və ya ölkədəki qarğıdalı sahələrinin 40%-dən çoxu yerləşir. Qazax-Tovuz regionunda 5,5 min hektar, Mil-Muğanda 2,6 min hektar, Qarabağ və Mərkəzi Aranda isə 2,5 min hektara yaxın qarğıdalı sahəsi mövcuddur.
Ölkə üzrə qarğıdalının orta məhsuldarlığı hektardan təxminən 6,6 ton təşkil edir. Ən yüksək göstəricilərdən bəziləri Yevlaxda 10,8 ton, Beyləqanda 10,1 ton, Şabranda 9,6 ton, Culfada 9,1 ton və Qaxda təxminən 9 ton səviyyəsindədir.
Aqrar Sığorta Fondu qarğıdalı sahələrini dolu, fırtına, qasırğa, sel və subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalayır.
Sığorta haqqının 50%-i dövlət tərəfindən subsidiya edildiyindən fermerlərin ödədiyi məbləğ daha aşağı olur. Belə ki, 1 000 manatlıq qarğıdalı məhsulunun sığortalanması Beyləqan və Yevlaxda fermerə 5,7 manata, Şəmkir və Tovuzda 14,3 manata, Balakəndə isə 21 manata başa gəlir.
Orta məhsuldarlıq və məhsulun qiyməti nəzərə alınmaqla, bir hektardan gözlənilən təxminən 2 600 manatlıq qarğıdalı məhsulunun sığortası regiondan asılı olaraq fermerə 15–55 manata başa gəlir.
Fond indiyədək 1 486 hektar qarğıdalı sahəsinə dəymiş zərər üzrə fermerlərə ümumilikdə 777 231 manat aqrar sığorta ödənişi edib.
Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat rəhbərlərini avqustun 20-dək qarğıdalı sahələrini sığortalamağa çağırıb. Sığorta şərtləri və ödənişlərin məbləği barədə məlumatı Fondun rəsmi internet səhifəsindən və 1651 Çağrı Mərkəzindən əldə etmək mümkündür.

