2026-cı il yanvarın 20-də ölkə ərazisində müşahidə olunan qarlı-şaxtalı hava şəraiti fonunda Bakı da daxil olmaqla respublikanın bir sıra bölgələrində müxtəlif səpkili sığorta hadisələri qeydə alınıb.
GDP xəbər verir ki,Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından əldə etdiyi son məlumatlara əsasən, qeyd olunan tarixdə baş vermiş hadisələrlə bağlı 7 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 484 sığortalı müraciəti daxil olub.
Müraciətlərin 403-ü “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, 76-sı “Kasko”, 4-ü “Daşınmaz əmlakın icbari sığortası”, 1-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növləri üzrə qeydə alınıb.
Məlumatlara görə, qiymətləndirilmiş 366 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 254 min 435 manat təşkil edib. Qalan 118 hadisə üzrə zərərin qiymətləndirilməsi prosesi hazırda davam edir. Daxil olmuş bütün müraciətlər üzrə hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir. Sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə prosesi tam yekunlaşdıqdan sonra ümumi zərər məbləğinin 400 min manata yaxın olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, hesabat dövründə sığorta şirkətlərinə daxil olmuş müraciətlərin 67 faizi Bakı şəhərinin, 33 faizi isə ölkənin digər bölgələrinin payına düşüb.

