2025-ci ilin yanvar–noyabr ayları üzrə sığorta sektorunun göstəricilərinin 2024-cü ilin eyni dövrü ilə müqayisəsi sektorun nominal artım nümayiş etdirməsinə baxmayaraq, struktur baxımından tarazlığın ciddi şəkildə pozulduğnu ortaya qoyur. Xüsusilə sığorta ödənişlərinin artım tempinin haqların artımını xeyli üstələməsi sektor üçün əsas risk faktoru olduğu müşhidə edilir.
2025 ci ilin yanvar-noyabr ayları ərzində sığorta haqlarının ümumi həcmi 1 milyard 353 milyon manatdan 1 milyard 365 milyon manata yüksələrək 12,2 milyon manat və ya 0,9% artıb. Bununla yanaşı, sığorta ödənişləri 752,7 milyon manatdan 844,8 milyon manata çataraq 92,1 milyon manat və ya 12,24% artıb. Bu nisbət göstərir ki, sektor üzrə ödənişlərin artım tempi haqların artım tempindən dəfələrlə yüksəkdir ki, bu da sığorta şirkətlərinin gəlirliliyinə birbaşa mənfi təsir göstərir.
Sözügedən dövr ərzində illik müqaisədə könüllü sığortalar üzrə haqlar 1 milyard 11 milyon manatdan 1 milyard 34 milyon manata yüksələrək 22,7 milyon manat və ya 2,24% artıb. Lakin eyni dövrdə könüllü sığorta ödənişləri 613 milyon manatdan 713,1 milyon manata qalxaraq 100,1 milyon manat və ya 16,33% artdığı müşahidə edilir. Bu fərq könüllü sığortalar seqmentində risk yükünün sürətlə artdığını göstərir.
Könüllü həyat sığortası haqları 643,8 milyon manatdan 683,2 milyon manata yüksələrək 39,4 milyon manat yaxud 6,12% artıb. Bu artım əsasən həyatın yaşam sığortası üzrə haqların 37,7 milyon manat və ya 6,29%, ölüm halından sığorta üzrə haqların 959 min manat və ya 2,81%, əmək qabiliyyətinin itirilməsi üzrə 303 min manat yaxud 8,40% və sağalmaz xəstəliklər üzrə 457 min manat yaxud 6,67% artması hesabına formalaşıb.
Lakin daha çox diqqəti cəlb edən məqam ödənişlərdə müşahidə olunan kəskin yüksəlişdir. Həyat sığortası üzrə ödənişlər 477,5 milyon manatdan 590,1 milyon manata qalxaraq 112,7 milyon manat yaxud 23,6% artıb. Bu tendensiya uzunmüddətli yaşam sığortası müqavilələrinin kütləvi şəkildə müddətinin başa çatması, əhalinin yaşlanması və kritik xəstəlik hallarının artması ilə izah oluna bilər.
2025-ci ilin yanvar -noyabr ayları ərzində 2024-cü ilin müvafiq dövrü ilə müqaisədə qeyri-həyat könüllü sığorta haqları 367,5 milyon manatdan 350,8 milyon manata enərək 16,7 milyon manat və ya 4,55% azalıb. Ödənişlər isə 135,5 milyon manatdan 123 milyon manata düşərək 12,6 milyon manat yaxud 9,26% azalıb.
Şəxsi sığorta üzrə haqlar demək olar dəyişməyib yəni cəmi 0,15% artıb, lakin ödənişlər 15,6% azalıb. Bu azalma əsasən tibbi sığorta üzrə ödənişlərin 15,86 % azalması ilə bağlıdır. Tibbi sığorta haqları isə 0,96% geriləyib.
Əmlak sığortasında mənzərə daha risklidir. Əmlak sığortası üzrə sığorta haqları 2024-cü ilin yanvar-noyabr ayları ərzində 233.507 milyondan 2025-ci ildə bu göstərici 7,24% azalaraq 216,6 milyon manata düşdüyü halda, ödənişlər illik müqaisədə 37.924 milyon manatdan 40,582 milyon manata yüksəlib ki, bu da 7,01% artımın göstəricisidir. Xüsusilə avtonəqliyyat vasitələrinin sığortasında haqlar cəmi 2,67% artsa da, ödənişlər 24,61% artıb. Bu, yol-nəqliyyat hadisələrinin artması, ehtiyat hissələrinin bahalaşması və inflyasiya təsiri ilə əlaqədardır.
Məsuliyyət sığortasında haqlar 8,59% artsa da, ödənişlər 63,73% azalıb ki, bu da daha sərt risk seçimi və ya iddia sayının azalması ilə izah oluna bilər. Kredit sığortasında isə həm haqlar 9,09%, həm də ödənişlər 25% azalıb.
Məcburi sığortalar üzrə haqlar 341,9 milyon manatdan 331,3 milyon manata düşərək 10,5 milyon manat və ya 3,08% azalıb. Ödənişlər isə 5,73% azalaraq 131,7 milyon manat təşkil edib.
Məcburi həyat sığortasında haqlar cüzi yəni 0.53% artsa da, ödənişlər 4,13% azalıb. Məcburi qeyri-həyat sığortasında isə haqlar 4,37%, ödənişlər isə 5,8 % geriləyib. Avtomobil sahiblərinin icbari məsuliyyət sığortasında həm haqlar, həm də ödənişlər azalıb. Daşınmaz əmlakın icbari sığortasında isə haqlar 10,68%, ödənişlər isə 29,73 % azalıb ki, bu da daşınmaz əmlak bazarındakı durğunluq və zərər hadisələrinin azalması ilə əlaqəlidir.
2025-ci ilin ilk 11 ayında Azərbaycan sığorta sektoru nominal artım fonunda ciddi risklərlə üzləşib. Həyat sığortasında kəskin ödəniş artımları və avtonəqliyyat sığortasında zərərli portfel strukturu sektorun maliyyə dayanıqlığını zəiflədən əsas amillərdir. Əgər ödənişlərin haqlardan daha sürətli artımı davam edərsə, sığorta şirkətləri qiymət artımlarına getmək və ya riskli seqmentlərdən çəkilmək məcburiyyətində qala bilərlər. Bu isə uzunmüddətli perspektivdə həm bazarın strukturuna, həm də istehlakçıların sığortaya çıxış imkanlarına mənfi təsir göstərə bilər.
Müəllif: Aynur Qəniyeva

