Mərkəzi Bank olaraq, COP29-un ev sahibi ölkəsi kimi, Davamlı Maliyyə Taksonomiyalarının Uyğunluğu və Müqayisəliliyinin İrəliləməsi üzrə Yol Xəritəsini hazırlamışıq.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin rəhbəri Taleh Kazımov Toronto Mərkəzinə müsahibəsində deyib.
Kazımovun sözlərinə görə, Yol Xəritəsi, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəklədiyi Davamlı Bankçılıq və Maliyyə Şəbəkəsi (SBFN), Davamlı Maliyyə üzrə Beynəlxalq Platforma və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb. Bu qlobal təşəbbüs, fərqli ölkələrin taksonomiyalarının uyğunlaşdırılması yolu ilə, iqlim hədəflərinə çatmaq üçün davamlı maliyyə standartlarının effektivliyini artırmağı hədəfləyir.
“Taksonomiyaların uyğulu olması onların effektivliyini artırır. Hal-hazırda bir çox ölkə öz taksonomiyasını hazırlasa da, bu fərqli standartlar arasındakı uyğunluq çatışmazlığı ciddi səmərəsizliyə səbəb olur,” – deyə Kazımov bildirib. COP29 çərçivəsində Azərbaycan, davamlı maliyyə çərçivələrinin uyğunlaşdırılması istiqamətində yeni bir Yol Xəritəsi təklif etməyi və praktik addımlarla həyata keçirməyi planlaşdırır.
Kazımovun sözlərinə görə, Yol Xəritəsi Azərbaycanın davamlı maliyyə sahəsində liderliyini və qlobal səviyyədə daha uyumlu maliyyə standartlarının formalaşmasına dəstəyini vurğulayır. Rio-de-Janeyroda keçirilən SBFN-in 8-ci Qlobal Toplantısında da Azərbaycan Mərkəzi Bankının təşəbbüsü müsbət qarşılanmış və taksonomiyaların uyğunluğunun əhəmiyyəti bir daha qeyd edilib.
Taleh Kazımov fikirlərinin davamında “Azərbaycanın bu təşəbbüsü, dünya üzrə 60 ölkədən olan SBFN üzvləri ilə geniş müzakirələrə səbəb olmuşdur”, -deyə qeyd edib.