Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bank sektorunda faiz xərclərinin artımı ilə bağlı səsləndirilən tənqidlərə münasibət bildirib.
AMB sədri qeyd edib ki, bankların faiz xərclərinin artımını Mərkəzi Bankın guya “həddindən artıq sərt tələbləri” ilə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, bu yanaşma reallığı əks etdirmir və əsas səbəb sektor daxilində uzun müddət mövcud olmuş likvidlik konsentrasiyası ilə bağlıdır.
Taleh Kazımov xatırladıb ki, əvvəlki illərdə sistem əhəmiyyətli banklarda manatla birillik depozit faizləri 6%, digər banklarda isə 9–10–11% səviyyəsində formalaşırdı. Bunun səbəbi iri bankların likvidliyinin yüksək olması və depozit cəlbində daha az maraqlı olmaları idi. Kiçik və orta banklar isə likvidlik cəlb etmək üçün daha yüksək faiz təklif edirdilər.
AMB sədri vurğulayıb ki, Mərkəzi Bankın tətbiq etdiyi tələblər bazara sərtlik deyil, ədalətlilik gətirib. 2023-cü ilin sonlarından etibarən sistem əhəmiyyətli banklarda depozit faizlərinin mərhələli şəkildə artmağa başladığını qeyd edən Kazımov bildirib ki, bu banklar bazardan kənarda qala bilməzdi. Əgər əvvəl 6% ilə depozit cəlb olunurdusa, artıq bu göstərici 8–9% səviyyəsinə yüksəlib.
Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən tətbiq edilən likvidliyin örtülməsi əmsalı bankları daha uzunmüddətli və sabit depozitlər cəlb etməyə təşviq edib. Bu yanaşma maliyyə sektorunun dayanıqlığını gücləndirməyə yönəlib və sistem əhəmiyyətli bankların da depozit bazarında aktivliyini artırıb.
Nəticə etibarilə, faiz xərcləri həm faiz dərəcələrinin yüksəlməsi, həm də cəlb olunan vəsaitlərin həcminin artması hesabına böyüyüb. Taleh Kazımov bildirib ki, bu islahatların nəticəsi olaraq 2024-cü ildə müddətli depozitlərin həcmi 1,8 milyard manat, 2025-ci ildə isə 2,3 milyard manat artıb.
Əmanətçi bazasında da ciddi artım qeydə alınıb. Belə ki, 2024-cü ilin sonunda 106 min olan unikal əmanətçi sayı 2025-ci ilin sonunda 190 mindən çox olub. Bu, iki il ərzində 81–82% artım deməkdir. AMB sədri bunu bank sektoruna inamın yüksəlməsi və əhalinin maliyyə sisteminə daha fəal cəlb olunması ilə izah edib.
Kazımov qeyd edib ki, son 30 il ərzində təxminən 100 min əmanətçi formalaşdığı halda, son iki ildə bu göstərici demək olar ki, iki dəfə artıb. Onun sözlərinə görə, qısa müddətdə faiz xərclərinin artması monetar siyasətin yan təsiri kimi qəbul edilə bilər, lakin bu artım bazarda şəffaflıq və ədalətli rəqabət mühitinin formalaşması ilə müşayiət olunur.

