“Volkswagen” (VW) avtomobil konserni Fransada məhkəmə qarşısına çıxacaq. Şirkətə “insanların və heyvanların sağlamlığına təhlükə yaradan mallar barədə qəsdən yanıltma” ittihamı irəli sürüləcək.
GDP xəbər verir ki, məhkəmə prosesinin çox güman ki, 2027-ci ildə başlanması gözlənilir. İttihamla üzləşən digər şirkətlər sırasında Fransanın “Renault” və “Stellantis” konsernləri də var.
“Dizelqeyt” adlandırılan qalmaqal 2015-ci ildə ABŞ-da “Volkswagen”in dizel avtomobillərində zərərli tullantıların gizlədilməsi ilə bağlı iddialarla başlayıb. Daha sonra bir çox digər avtomobil istehsalçıları da oxşar əməllərdə ittiham olunublar. Müxtəlif ölkələrdə şirkətlərə milyardlarla avro cərimələr tətbiq edilib. Təkcə “Volkswagen” “Dizelqeyt” qalmaqalı ilə bağlı ümumilikdə 32 milyard avrodan çox məbləğ ödəyib.

