Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda Asiya fond bazarları kəskin enişlə üzləşib. Neft qiymətlərinin sıçrayışı və tədarük zəncirinin kəsilməsi ehtimalı investorları təşvişə salıb.
Ən böyük zərbəni Cənubi Koreya bazarları alıb. KOSPI indeksi gün ərzində 12,06% dəyər itirərək 2001-ci ildən bəri ən kəskin birgünlük çöküşünü yaşayıb. Enişin sürətlənməsi səbəbindən səhm ticarəti müvəqqəti olaraq dayandırılıb.
Yaponiyada da mənzərə fərqli olmayıb. Nikkei 225 indeksi 3,61% geriləyərək son bir ayın ən aşağı səviyyəsinə enib.
Ekspertlər bu çöküşü regionun enerji asılılığı ilə əlaqələndirirlər. Tokai Tokyo Intelligence Laboratory Co.-dan analitik Şota Sando bildirib:“Asiya ölkələri neftə olan tələbatının təxminən 80-90 faizini Yaxın Şərqdən idxal edir. Bu səbəbdən regiondakı istənilən qeyri-sabitlik bizim bazarlarımıza birbaşa və ağır təsir göstərir.”
Bazar iştirakçıları əsasən iki əsas faktordan qorxur: qiymətlərin kəskin artması və dünya neft tədarükünün beşdə birinin keçdiyi Hörmüz boğazının mümkün blokadası. Analitiklərə görə, gərginlik davam edərsə, enerji xərclərinin artması inflyasiyanı daha da gücləndirə bilər.

