Wall Street Journal (WSJ) nəşrinin araşdırmasına əsasən, Morgan Stanley-nin rəqəmsal ticarət platforması E*Trade sanksiyaya məruz qalmış Rusiya bankına köçürmələr həyata keçirib. GDP xəbər verir ki, araşdırmada bank yüksək riskli müştərilərlə əməkdaşlıqda ittiham olunur.
WSJ-nin əldə etdiyi sənədlərə görə, E*Trade Rusiyada yaşayan müştərilərin minlərlə hesabını idarə edib və ölkəyə təxminən 13 milyon dollar məbləğində vəsait köçürüb. Daha təhlükəlisi, platforma sanksiyaya məruz qalmış Rusiya bankına edilən köçürmə cəhdlərini bloklamamaqda ittiham edilir.
Araşdırmada həmçinin qeyd olunur ki, Morgan Stanley kapital idarəetmə imperiyasını genişləndirmək məqsədilə maliyyə, siyasi və korrupsiya riskləri yüksək olan ölkələrdən müştərilər cəlb edib. Bu ölkələr sırasında Latın Amerikası, Pakistan və Rusiya xüsusilə vurğulanır.
Bank həmçinin Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra Britaniya tərəfindən sanksiyaya məruz qalmış rus milyarderi Yevgeni Şvidlerlə əməkdaşlıq edib.
Bu iddialar Morgan Stanley-nin beynəlxalq sanksiyalara riayət etməsi və risklərin idarə edilməsi sahəsində ciddi suallar doğurur.