Səudiyyə Ərəbistanının dövlət neft nəhəngi Saudi Aramco qaz biznesini ayrıca şirkət kimi strukturlaşdırmaq imkanını nəzərdən keçirir.
“Financial Times”ın məlumatına görə, şirkət 2025-ci ildə krallığın ən böyük qaz layihəsi olan Jafurah yatağının işlənməsinin ilk mərhələsinə başlayıb. İkinci mərhələnin işə salınmasından sonra onilliyin sonunadək qaz hasilatının 2021-ci illə müqayisədə təxminən 80% artacağı gözlənilir.
Əlavə qazın böyük hissəsinin daxili tələbatın ödənilməsinə yönəldilməsi planlaşdırılır. Səudiyyə Ərəbistanı elektrik enerjisi istehsalında neftdən qaz istifadəsinə keçidi sürətləndirir. Bu, daxili istehlakda neftə tələbatı azaltmaqla daha böyük həcmdə xam neftin ixracına imkan yarada bilər.
Wood Mackenzie-nin hesablamalarına görə, Səudiyyə Ərəbistanında 50 milyard kubmetrə qədər qaz artıqlığı yarana bilər. Bu halda krallığın əlavə həcmlər üçün xarici bazarlarda alıcı axtarması gözlənilir.

