Dövlət Neft Fondunun qızıl satışı investisiya portfelinin yenidən balanslaşdırılması çərçivəsində həyata keçirilib. Qızılın bahalaşması nəticəsində onun portfeldəki payı müəyyən edilmiş kənarlaşma həddini keçdiyindən satış qərarı verilib.
Bunu Dövlət Neft Fondunun sədrinin müşaviri Vadim Pşeniçnıy GDP – nin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Fondun investisiya siyasətində hər bir maliyyə aləti üzrə limitlər və həmin limitlərdən kənarlaşma hüdudları müəyyənləşdirilib. Bu hədlər keçildikdə müvafiq aktivlərin alınması və ya satılması yolu ilə portfel yenidən balanslaşdırılır.
Vadim Pşeniçnıy qeyd edib ki, investisiya siyasətində qızılın payı 35%-ə qədər nəzərdə tutulur. Hazırda bu payın təxminən 32% səviyyəsində olduğunu deyib.
Fondun investisiya fəaliyyətinə də toxunan müşavir doqquz ayın nəticələrinin müsbət olduğunu bildirib. Onun sözlərinə görə, il ərzində portfelin dəyərindəki dəyişikliklərə geosiyasi hadisələr, inflyasiya gözləntiləri və enerji qiymətlərindəki artım təsir göstərib.
Büdcədənkənar xərclərlə bağlı suala cavabında isə o, valyuta məzənnələri və qızılın qiymətindəki dəyişikliklər nəticəsində reallaşmamış gəlir və xərclərin yarandığını izah edib. Avro və funt sterlinqin ABŞ dollarına qarşı məzənnəsinin, eləcə də qızılın qiymətinin dəyişməsi portfelin yenidən qiymətləndirilməsində əks olunur.
Müşavir bu dəyişikliklərin portfelin həcminə təsir etdiyini, lakin qısamüddətli proqnozlaşdırmanın çətin olduğunu vurğulayıb. Onun sözlərinə görə, Fond investisiyaları uzunmüddətli risk, gəlirlilik və makroiqtisadi gözləntilər əsasında idarə edir.
Vadim Pşeniçnıy Fondun səhm portfelində 23 inkişaf etmiş ölkədən təxminən 1400 şirkətin təmsil olunduğunu da bildirib. Şirkətlərin portfeldəki çəkisi izlənilən indeksdə bazar kapitallaşmasına əsaslanan paylarına uyğunlaşdırılır. İndeksin tərkibi dəyişdikcə Fondun səhm portfelində də müvafiq dəyişikliklər edilir.
Yeni investisiya imkanlarına gəlincə, müşavir Fonda daxil olan təkliflərin maliyyə və iqtisadi göstəricilər, risk-gəlirlilik nisbəti və mövcud portfelə uyğunluq baxımından qiymətləndirildiyini deyib.
Dövlət büdcəsinə transfertlərdən danışan Vadim Pşeniçnıy bildirib ki, Maliyyə Nazirliyinin təqdim etdiyi ortamüddətli proqnozlarda transfertlərin azalması nəzərdə tutulur. Bu, Fondun vəsaitlərinin yığılması və investisiya gəlirlərinin artırılması üçün daha uzunmüddətli planlaşdırma imkanları yaradır.
Müəllif: Aynur Qəniyeva

