Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında sığorta savadlılığının artırılması və biznesin dayanıqlılığının gücləndirilməsi istiqamətində əməkdaşlıq imkanlarına dair görüş keçirilib.
Oktyabrın 26-da keçirilən görüşdə biznes nümayəndələrinin sığorta sahəsində qarşılaşdıqları praktiki çətinliklər, tənzimləyici mühitin təkmilləşdirilməsi və sığorta mexanizmlərindən səmərəli istifadəyə yönəlmiş birgə təşəbbüslər müzakirə olunub.
Görüşdə AmCham Azərbaycanı icraçı direktor Zaur Kərimov, Direktorlar Şurasının üzvü Günay Cəlilova və hüquq və siyasi məsələlər üzrə məsul şəxs Şəbnəm Quliyeva təmsil ediblər. ASA tərəfindən isə icraçı direktor Abas Miskərli, onun müavini Turanə Axundova və müşaviri Məmməd Ağayev iştirak ediblər.
Tərəflər AmCham Azərbaycanın “White Paper” (“Ağ Sənəd”) nəşri çərçivəsində sığorta sektorunun inkişafına və biznesin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına dair birgə təklif və tövsiyələrin hazırlanması imkanlarını nəzərdən keçiriblər. Həmçinin üzv şirkətlər üçün sığorta məhsulları, risklərin idarə edilməsi, sığorta təminatı və müqavilə şərtləri üzrə maarifləndirici sessiyaların təşkili müzakirə edilib.
Aqrar sığorta və tibbi sığorta da müzakirə mövzuları sırasında olub. Kənd təsərrüfatında risklərin qiymətləndirilməsi, mövcud sığorta mexanizmlərinin təkmilləşdirilməsi, maliyyələşmə və investisiya imkanlarının genişləndirilməsində sığortanın rolu ətrafında fikir mübadiləsi aparılıb. Səhiyyə sahəsində isə bazarın ehtiyaclarının müəyyənləşdirilməsi, sığorta məhsullarının inkişafı və tibb müəssisələri ilə sığorta şirkətləri arasında əməkdaşlıq imkanlarına baxılıb.
Biznesin sığorta ehtiyaclarını öyrənmək məqsədilə AmCham üzv şirkətləri arasında qısa sorğunun keçirilməsi də nəzərdən keçirilib. Sorğu vasitəsilə sığorta təminatına ehtiyacların, müqavilə şərtlərinin anlaşılmasında çətinliklərin və sığorta hadisələri üzrə zərərlərin tənzimlənməsi zamanı yaranan praktiki məsələlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Görüşdə AmCham Azərbaycanın üzvlük şəbəkəsi və müxtəlif sektorları əhatə edən komitələri vasitəsilə təcrübə mübadiləsinin təşviqi, dövlət və özəl sektor arasında dialoqun gücləndirilməsi imkanları vurğulanıb.
Tərəflər maarifləndirmə tədbirlərinin təşkili, biznesin bu proseslərdə iştirakının artırılması və siyasət yönümlü təşəbbüslərin inkişafı üzrə əməkdaşlıq imkanlarının daha ətraflı araşdırılmasına qarşılıqlı maraq ifadə ediblər.
