İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) poçt rabitəsi xidmətləri üzrə 2026-cı ilin III rübünə dair şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.
GDP xəbər verir ki, hesabat 2026-cı ilin iyul–sentyabr aylarında “E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi operatorlarına ünvanlanmış müraciətlər əsasında hazırlanıb.
Hesabatda hər bir operator üzrə şikayət indeksi və daxil olan müraciətlərin orta cavablandırılma müddəti təqdim olunur.
Şikayət indeksi operatora daxil olan şikayətlərin ümumi şikayətlərdəki xüsusi çəkisinin həmin operatorun poçt göndərişləri bazarındakı payına nisbəti əsasında hesablanır.
Bu metodologiya operatorların fəaliyyət həcmini nəzərə almaqla onlarla bağlı şikayətlərin nisbi intensivliyini müqayisə etməyə imkan verir.
Hesabatda, həmçinin operatorların müraciətlərə orta cavablandırma müddətləri əks etdirilib. Bununla da istifadəçi şikayətlərinə operativ münasibət baxımından operatorların fəaliyyətini müqayisəli qiymətləndirmək mümkün olur.
İKTA-nın məlumatına görə, bu göstəricilərin mütəmadi ictimaiyyətə açıqlanması poçt xidmətləri bazarında şəffaflığın artırılmasına, istifadəçilərin məlumatlandırılmasına və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Agentlik hesab edir ki, hesabatların açıq dərc edilməsi operatorları şikayətlərin səbəblərini araşdırmağa, müraciətlərin cavablandırılması müddətlərini azaltmağa və xidmət keyfiyyətinə daha məsuliyyətli yanaşmağa təşviq edir.


