SARDA Qrupu elektrik ictimai nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə Ankara Böyükşəhər Bələdiyyəsi ilə görüşüb.
GDP xəbər verir ki, görüşdə SARDA Qrupunun İdarə Heyətinin sədri Rauf Xəlilov və Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı Mansur Yavaş iştirak ediblər.
SARDA Qrupu və Azərbaycan Enerji Avtomobil Zavodu adından keçirilən görüşdə tərəflər Azərbaycanda yığılan elektrikli BYD avtobuslarının Ankara şəhərinə təchiz edilməsi imkanlarını nəzərdən keçiriblər. Müzakirələr əsasən dayanıqlı hərəkətlilik həlləri, ekoloji cəhətdən təmiz ictimai nəqliyyat sistemlərinə artan tələbat və şəhər nəqliyyatının dekarbonizasiyası mövzularına fokuslanıb.
SARDA Qrupu Ankara Böyükşəhər Bələdiyyəsinə açıq dialoq və potensial əməkdaşlıq imkanlarını araşdırmaq üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib. Görüşdə, eyni zamanda, Azərbaycan–Türkiyə strateji tərəfdaşlığının innovasiya, davamlı inkişaf və sənaye əməkdaşlığı sahələrində daha da gücləndirilməsinin hər iki ölkə üçün prioritet olduğu vurğulanıb.

