Binance kriptovalyuta birjasının “təhlükəsizlik insidenti” nəticəsində itkiləri 6,3 milyard dollar təşkil edə bilər. Bu barədə platformanın rəhbərliyi X sosial şəbəkəsində məlumat yayıb.
“Ümumi zərər təxminən 6,3 milyard dollar qiymətləndirilir. Blokçeyn sənayesindəki tərəfdaşlarımızla əməkdaşlıq sayəsində təsirlənmiş aktivlərin bir hissəsini dondura bilmişik. Hazırda təxminən 3 milyard dollarlıq aktiv birbaşa blokçeyndə bloklanıb. Binance bütün itkiləri qarşılayacaq (…), istifadəçilərin vəsaitləri təhlükəsizdir”, — məlumatda bildirilir.
Qeyd olunur ki, təhlükəsizlik insidenti mühəndislərdən birinin noutbukunun ələ keçirilməsi ilə bağlı ola bilər.
“Bu, hücumçuya xidmət konteynerinə giriş əldə etməyə və vəsaitlərin çıxarılması üzrə icazəsiz tranzaksiyalar başlatmağa imkan verib. Pul kisələrinin məxfi açarlarının sızmasına dair əlamət aşkarlanmayıb. Araşdırma başa çatdıqdan və bütün faktlar diqqətlə yoxlanıldıqdan sonra insidentin nəticələrinə dair ətraflı texniki hesabat hazırlayacağıq”, — platformanın rəhbərliyi bildirib.
Binance vəsaitlərin yatırılması və çıxarılması üzrə bütün əməliyyatları dayandırıb.
Daha əvvəl Binance-in keçmiş baş direktoru Çanpen Çjao platformanın haker hücumuna məruz qalmış ola biləcəyini bildirmişdi.

