Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) kiçik həcmdə maliyyə vəsaitinə ehtiyacı olan sahibkarlar üçün mikrokredit məhsulunu təqdim edir.
GDP.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Fondun bu məhsulu sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirmək məqsədi daşıyır.
Mikrokreditlər 15 min manatdan 50 min manatadək, 60 ayadək müddətə verilir. Güzəşt müddəti kredit müddətinin yarısınadək müəyyən edilir. Kredit məbləğinin 50%-dək hissəsi tikinti və təmir xərclərinin maliyyələşdirilməsinə yönəldilə bilər.
İllik faiz dərəcəsi layihənin fəaliyyət istiqamətindən asılı olaraq əsas əhəmiyyətli sahələr üzrə 7%-dək, digər əhəmiyyətli sahələr üzrə isə 8%-dək təşkil edir. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün kreditin minimum məbləği 10 min manat, illik faiz dərəcəsi isə 5% müəyyən edilib.
Məhsul investisiya və əməliyyat xərclərinin vahid kredit çərçivəsində maliyyələşdirilməsinə imkan verir. Sahibkarlar bu vəsaitdən həm layihələrinin həyata keçirilməsi, həm də cari fəaliyyətlərinin maliyyələşdirilməsi üçün istifadə edə bilərlər.
Əsas əhəmiyyətli sahələrə qeyri-neft sənayesi, yaşıl taksonomiya, strateji kənd təsərrüfatı, strateji logistika və təchizat zənciri infrastrukturu daxildir. Digər əhəmiyyətli sahələr isə kənd təsərrüfatı, balıqçılıq və akvakultura, İKT, nəqliyyat, turizm, səhiyyə, təhsil, sosial xidmətlər və digər xidmət və kommersiya infrastrukturu daxil olmaqla müxtəlif istiqamətləri əhatə edir.
Qeyd edək ki, ABİF güzəştli kreditlər, dövlət zəmanəti, faiz subsidiyaları və investisiya qoyuluşları vasitəsilə biznesə maliyyə dəstəyi göstərir. Fondun fəaliyyəti qeyri-neft sektorunun inkişafına, idxalı əvəzləyən və ixracyönümlü layihələrin dəstəklənməsinə, yerli bizneslərin rəqabət qabiliyyətinin artırılmasına yönəlib.

