İranın “Fars” agentliyi İranın rəsmi “Fars” xəbər agentliyi gələcək hərbi əməliyyatlarda istifadə oluna biləcək yenilənmiş hədəf siyahısını dərc edib. “GDP Media”xəbər verir ki, Agentliyin yaydığı məlumata görə, siyahıya tanınmış amerikalı milyarder, Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Maskın Qərbi Asiyadakı bütün iqtisadi aktivləri da daxil edilib.
Bildirilir ki, həmin aktivlər regionun bir neçə ərəb ölkəsində yerləşir. Siyahının hazırlanmasında Maskın Qərbi Asiyadakı iqtisadi maraqlarının xüsusi rol oynadığı vurğulanır.
“Fars” agentliyi siyahını “yenilənmiş” olaraq təqdim etsə də, hansı konkret hərbi əməliyyatlardan söhbət getdiyi və siyahıya digər hədəflərin də əlavə edilib-edilmədiyi barədə ətraflı məlumat verilməyib.
Bu addım Tehranın regionda artan geosiyasi gərginlik fonunda iqtisadi obyektləri potensial hərbi hədəf kimi nəzərdən keçirdiyini göstərir.

