Hörmüz boğazında yaranmış gərginlik nəticəsində dünya neft bazarına gündəlik 6–7 milyon barel neft daxil olmur.
GDP xəbər verir ki,bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak OPEC+ ölkələrinin nazirlərinin görüşündə aparılan müzakirələrə istinadən bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazındakı mövcud vəziyyət qlobal neft təchizatına ciddi təsir göstərir.
Qeyd edək ki, Hörmüz boğazından normal şəraitdə gündəlik təxminən 20 milyon barel neft və neft məhsulları daşınır. Bu, dünya neft istehlakının təxminən beşdəbirinə bərabərdir.
Ekspert qiymətləndirmələrinə əsasən, gündəlik 6–7 milyon barellik təchizat itkisinin qısa müddətdə kompensasiya edilməsi çətindir. Buna səbəb OPEC+ ölkələrinin ehtiyat hasilat imkanlarının məhdudluğu və alternativ nəqliyyat marşrutlarının təşkilinin əlavə vaxt tələb etməsidir.
Mövcud vəziyyət beynəlxalq bazarlarda neftin qiymətinə geosiyasi risklərin təsirini gücləndirir. Hörmüz boğazında daşımalar normal rejimə qayıtmayacağı təqdirdə neft qiymətlərinin yüksək səviyyədə qalması ehtimalı artır.
Neftin bahalaşması qlobal inflyasiya üçün də əlavə risklər yaradır. Xüsusilə yanacaq və nəqliyyat xərclərinin artması istehlak qiymətlərinə təzyiq göstərə və mərkəzi bankların faiz siyasətinə təsir edə bilər.
Eyni zamanda, yüksək neft qiymətləri Rusiyanın ixrac gəlirlərini müəyyən qədər dəstəkləsə də, regiondakı logistik məhdudiyyətlər və daşınma xərclərinin artması bu müsbət təsiri zəiflədə bilər.

