Qazaxıstan Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlıq çərçivəsində Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinə 25 milyon ABŞ dolları məbləğində yeni maliyyə dəstəyi göstərəcək.
GDP xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva məlumat verib.
Onun sözlərinə görə, Qazaxıstan Milli Bankının sədri Timur Süleymenovla regional mərkəzin fəaliyyətini və tərəfdaşlığın müddətini uzadan yeni saziş imzalanıb.
Almatı şəhərində yerləşən mərkəz Azərbaycan da daxil olmaqla, ümumilikdə 9 ölkəyə – Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistana institusional potensialın gücləndirilməsi istiqamətində dəstək göstərir.
Kristalina Georgiyeva bildirib ki, Qazaxıstanın 25 milyon dollarlıq yeni maliyyə öhdəliyi ölkənin regional əməkdaşlığın inkişafında liderliyini və daha dayanıqlı iqtisadiyyatların formalaşdırılmasına verdiyi önəmi nümayiş etdirir.
BVF rəhbəri tərəfdaşlığın davam etdirilməsindən məmnunluğunu ifadə edərək, birgə fəaliyyətin region ölkələrində güclü institutların yaradılmasına və iqtisadi dayanıqlığın artırılmasına töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, yeni razılaşma çərçivəsində ayrılması nəzərdə tutulan vəsait regional mərkəzin fəaliyyətinin dəstəklənməsinə yönəlib. Azərbaycan da mərkəzin xidmət göstərdiyi ölkələr sırasında yer alır.
Müəllif:Aynur Qəniyeva

