ABŞ hökuməti İranla əlaqəli 1 milyard dollar dəyərində kriptovalyutanı müsadirə etməyə hazırlaşır.
GDP xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonda keçirilən NPolicy sammitində açıqlama verib.
Nazir bildirib ki, ABŞ rəsmiləri sözügedən kriptoaktivlərin harada saxlanıldığını müəyyən ediblər və onların yaxın günlərdə müsadirə olunması mümkündür.
Bessentin sözlərinə görə, bu addım ABŞ administrasiyasının İrana qarşı həyata keçirdiyi iqtisadi təcrid siyasətinin tərkib hissəsidir.
Qeyd edək ki, iyun ayından etibarən ABŞ İranla əlaqəli yeddi kriptovalyuta birjasına sanksiya tətbiq edib. Məhdudiyyətlər əsasən sanksiyalardan yayınma və maliyyə əməliyyatlarının həyata keçirilməsində iştirak etdiyi iddia olunan platformaları əhatə edir.
Ekspertlərin fikrincə, bu cür tədbirlər kriptovalyuta bazarında tənzimləmə risklərini artırmaqla yanaşı, rəqəmsal aktivlərin dövlət qurumları tərəfindən izlənilməsi və müsadirəsi imkanlarını da nümayiş etdirir.
Bununla belə, müsadirəsi planlaşdırılan 1 milyard dollarlıq kriptoaktivlərin daha əvvəl açıqlanmış müsadirə məbləğlərinə daxil olub-olmadığı hələlik dəqiqləşdirilməyib.

