Azərbaycanda hazırlanmaqda olan “Qiymətli kağızlar bazarı haqqında” yeni qanun beynəlxalq brokerlərin “Bakı Fond Birjası” QSC-yə (BFB) məsafədən üzv olmasına imkan yaradacaq.
GDP xəbər verir ki, bunu BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
Onun sözlərinə görə, yeni mexanizm xarici brokerlərə Azərbaycanda filial və ya nümayəndəlik açmadan, texnoloji və depozitar bağlantılar vasitəsilə birbaşa Birjanın platformasında ticarət etməyə imkan verəcək.
Ruslan Xəlilov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı hazırda “Qiymətli kağızlar bazarı haqqında” yeni qanunun hazırlanması istiqamətində iş aparır.
BFB rəhbəri bildirib ki, sənəd investisiya məhsullarının çeşidinin genişləndirilməsi, səhm kateqoriyaları, törəmə maliyyə alətləri və ticarət qaydaları ilə bağlı mövcud məsələlərin həllini nəzərdə tutur.
O əlavə edib ki, Birja Listinq Məsləhətçisi Proqramı çərçivəsində son üç ildə Azərbaycanda 80-dən çox şirkətlə görüş keçirib, onlara kapital bazarına çıxış imkanları barədə məlumat verib və bəzi şirkətlər üçün ödənişsiz məsləhət və araşdırmalar aparıb.
Ruslan Xəlilovun sözlərinə görə, kapital bazarının uzunmüddətli inkişafında əsas prioritet ayrı-ayrı şirkətlərə dəstəkdən daha çox, effektiv bazar infrastrukturunun formalaşdırılmasıdır.

