Dekabrın 16-da Bakıda “Azerbaijan FCC & AML Conclave 2026” adlı beynəlxalq tədbir keçiriləcək.
GDP.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin himayəsi altında, Azərbaycan Fintex Assosiasiyasının (AzFina) rəsmi tərəfdaşlığı ilə təşkil olunacaq.
“Rəqəmsal dövrdə maliyyə cinayətlərinin idarə edilməsinə yenidən baxış” mövzusuna həsr olunan tədbirdə maliyyə institutlarının, tənzimləyici və dövlət qurumlarının, fintex şirkətlərinin, texnologiya təminatçılarının və beynəlxalq təşkilatların yüksəkvəzifəli nümayəndələri iştirak edəcəklər.
Tədbir çərçivəsində maliyyə cinayətləri ilə mübarizə, çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması (AML/CFT) sahəsində tənzimləyici tələblər, maliyyə fırıldaqçılığı, rəqəmsal identifikasiya, müştərilərin tanınması (KYC), sanksiyalara əməl olunması və maliyyə əməliyyatlarının monitorinqi məsələləri müzakirə ediləcək.
Bundan əlavə, süni intellektin maliyyə cinayətlərinin qarşısının alınmasında tətbiqi, kibercinayətkarlıq, maliyyə sektorunun dayanıqlılığı, ödəniş fırıldaqçılığı, transsərhəd məlumat mübadiləsi və dövlət-özəl sektor əməkdaşlığı əsas müzakirə mövzuları sırasında olacaq.
Konfransın maliyyə cinayətləri ilə mübarizə sahəsində beynəlxalq təcrübə mübadiləsinə, praktiki həllərin müzakirəsinə və maliyyə sisteminin dayanıqlılığının gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

