ABŞ fond bazarında texnologiya şirkətlərinin səhmləri kəskin ucuzlaşıb. Nasdaq indeksi 2,6%, S&P 500 indeksi 1,5%, Dow Jones isə 0,7% geriləyib.
GDP xəbər verir ki, investorların süni intellektə yatırılan sərmayələrin gəlirliliyinə dair narahatlıqları fonunda oktyabrın 6-dan etibarən Nasdaq-da təmsil olunan şirkətlərin ümumi bazar kapitallaşması təxminən 5 trilyon dollar azalıb.
Dördüncü rüb üzrə zəif proqnoz açıqlayan Intel-in səhmləri təxminən 30% dəyər itirib. Amazon və Alphabet-in səhmləri isə süni intellekt xərclərinin artması və sərbəst pul axınının azalması səbəbindən təzyiq altında qalıb.
Bir sıra şirkətlərin səhmlərində tarixi maksimumlarla müqayisədə daha dərin eniş qeydə alınıb. Intel-in səhmləri 54%, Oracle-ın 51%, Arm-ın 55%, CoreWeave-in 60%, Coinbase-in 62%, AppLovin-in isə 68% ucuzlaşıb.
Bu dinamika investorların süni intellekt sahəsində gələcək artım gözləntiləri ilə yanaşı, yatırımların real maliyyə nəticələrinə də diqqət yetirdiyini göstərir.
Bazar üçün əsas risklərdən biri nəhəng texnologiya şirkətlərinin 2027-ci ildə süni intellekt büdcələrini azaltması ehtimalıdır. Kapital xərclərinin azalması çip istehsalçıları da daxil olmaqla bütün təchizat zəncirinə mənfi təsir göstərə bilər.
Satış dalğası kriptovalyuta sektoru ilə əlaqəli şirkətlərin səhmlərinə də təsir edib. Coinbase və Robinhood-un ən çox ucuzlaşan səhmlər sırasında yer alması yüksək riskli aktivlərə marağın zəiflədiyini göstərir.

