Azərbaycanda fəaliyyətə başlayan “Real Madrid Foundation” ilə tərəfdaşlıq layihəsinin coğrafiyası genişlənir. 2027-ci ildə təşəbbüsün Özbəkistanda da həyata keçirilməsi planlaşdırılır.
GDP xəbər verir ki, bu barədə ePoint-in baş icraçı direktoru (CEO), AzFina-nın İnnovativ Rəqəmsal Həllər üzrə Ekspert Qrupunun rəhbəri Zeynal Kərimzadə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, 2022-ci ildə Bakıda sadə ideya kimi yaranan təşəbbüs 2023-cü ildə reallığa çevrilib və ötən müddətdə regional miqyaslı layihəyə çevrilib.
Zeynal Kərimzadənin sözlərinə görə, “Real Madrid Foundation” ilə tərəfdaşlığın dördüncü ilində əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.
“2027-ci ildə Özbəkistanda tərəfdaşlıq layihəmizə start verəcəyik. Bu isə həmin ölkə üçün planlaşdırdığımız bir neçə layihədən yalnız biridir”, – deyə o qeyd edib.
Zeynal Kərimzadə özbək qardaşlarını bu mühüm mərhələ münasibətilə təbrik edib.
O, həmçinin birgə layihələrin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə “Visa” şirkətinə təşəkkürünü bildirib.

