İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) yaşıl layihələrin maliyyələşdirilməsi və sahibkarların maliyyə resurslarına çıxışının genişləndirilməsi məqsədilə yeni “Yaşıl kredit” məhsulunu təqdim edib.
GDP Fondun məlumatına istinadən xəbər verir ki, məhsul çərçivəsində sahibkarlara 50 min manatdan 10 milyon manatadək, 120 ayadək müddətə və illik 5%-dək faiz dərəcəsi ilə kreditlər veriləcək.
Sahibkarlar kredit müddətinin yarısınadək olan dövr üçün əsas borcun ödənilməsinə möhlət ala biləcəklər. Kredit məbləğinin 50%-dək hissəsinin tikinti və təmir xərclərinə yönəldilməsi mümkündür.
Məbləği 500 min manatdan yuxarı olan kreditlər üzrə sahibkarlar layihənin ümumi dəyərinin ən azı 20%-ni öz vəsaitləri hesabına təmin etməlidirlər.
“Yaşıl kredit” iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, bərpaolunan enerji, resurslardan səmərəli istifadə, karbon emissiyasının və tullantıların azaldılması istiqamətlərində layihələrin əsaslı xərclərinin maliyyələşdirilməsinə yönəlib.
Fondun məlumatına görə, yeni maliyyələşmə mexanizmi yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsinə, ekoloji cəhətdən dayanıqlı biznes modellərinin inkişafına və sahibkarların yaşıl transformasiyada iştirakına dəstək verəcək.
Kredit məhsulu və müvəkkil kredit təşkilatları barədə ətraflı məlumatı “ABİF-in rəsmi saytından” (https://abdf.gov.az/az) əldə etmək mümkündür.

