Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 çərçivəsində Azərbaycan Pavilyonunda seminar təşkil edəcək.
GDP xəbər verir ki, AMFA-nın məlumatına görə, “İqlim dəyişikliklərinə uyğunlaşma üçün maliyyə resurslarının ən ucqar və həssas əhali qruplarına çatdırılması” mövzusunda tədbir Türkiyə vaxtı ilə saat 11:00–12:30-da baş tutacaq.
Seminarda beynəlxalq iqlim maliyyəsi institutlarının, inkişaf tərəfdaşlarının, investorların, mikromaliyyə təşkilatlarının və digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı nəzərdə tutulur. İştirakçılar aztəminatlı ailələr, kiçik fermer təsərrüfatları və mikro sahibkarlar üçün iqlim dəyişikliklərinə uyğunlaşma məqsədli maliyyə resurslarının əlçatanlığını artıracaq praktik həll yollarını müzakirə edəcəklər.
Müzakirələr qlobal iqlim maliyyəsi ilə yerli maliyyə institutları arasında əlaqələrin gücləndirilməsini, innovativ və qarışıq maliyyələşdirmə modellərini, risklərin bölüşdürülməsi alətlərini və uyğunlaşma tədbirlərinin təsirinin qiymətləndirilməsini əhatə edəcək.
Tədbirin əsas məqsədi mikromaliyyə təşkilatları və digər inklüziv maliyyə xidmətləri göstərən qurumlar vasitəsilə iqlim maliyyəsinin həssas əhali qruplarına çatdırılmasını təmin edən dayanıqlı və geniş miqyasda tətbiq oluna bilən maliyyələşdirmə modellərini müəyyənləşdirməkdir.
AMFA bütün maraqlı tərəfləri seminarda iştiraka dəvət edir. Əlavə məlumatı “amfa.az” (https://amfa.az/) saytından və administration@amfa.az elektron poçt ünvanı vasitəsilə əldə etmək mümkündür.

