Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupunun sədri Tamerlan Rüstəmov elektron pul və ödəniş təşkilatlarının bank hesablarında saxlanılan vəsaitlərə faiz ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinə aydınlıq gətirib.
GDP xəbər verir ki, Tamerlan Rüstəmov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən ödəniş xidmətlərinin göstərilməsi ilə əlaqədar istifadəçilərdən qəbul edilən pul vəsaitləri depozit hesab olunmur.
Qanunvericiliyə görə, həmin vəsaitlərin saxlanılmasına görə faiz və ya hər hansı digər formada gəlir ödənilə, eləcə də bu vəsaitlər hesabına kredit verilə bilməz.
Tamerlan Rüstəmov qeyd edib ki, qanunun sözügedən maddəsi yalnız elektron pul və ödəniş təşkilatlarının öz müştəriləri ilə münasibətlərini tənzimləyir.
Onun sözlərinə görə, bu məhdudiyyət banklarla elektron pul və ödəniş təşkilatları arasında yaranan münasibətlərə şamil edilmir.
Belə ki, elektron pul və ödəniş təşkilatlarının banklarda açılmış xüsusi cari hesablarında saxlanılan vəsaitlərə görə gündəlik faizlərin ödənilməsi qanunun 5.4-cü maddəsi ilə qadağan olunmur.
Beləliklə, ekspertin açıqlamasından aydın olur ki, elektron pul və ödəniş təşkilatlarının müştərilərdən qəbul etdikləri vəsaitlərə görə həmin müştərilərə faiz ödəməsi ilə bankların bu təşkilatların xüsusi cari hesablarında saxlanılan vəsaitlərə faiz hesablaması fərqli hüquqi münasibətlərdir.Qanunda nəzərdə tutulan məhdudiyyət birinci hala aid olsa da, ikinci halı əhatə etmir.

