Son bir neçə gündür Türkiyə maliyyə bazarını izləyən hər kəs eyni mövzunu müzakirə edir. Bir neçə investisiya fondunun idarəçisinin — Tera Portföy, Pusula Portföy və digərlərinin — idarə etdikləri investisiya fondları vasitəsilə öz aralarında əlaqəli şirkətlərin, o cümlədən Katılımevim, Gündoğdu Gıda və Destek Finans Faktoringin səhmlərində qeyri-mütənasib dərəcədə böyük mövqelər formalaşdırması ciddi müzakirələrə səbəb olub.
Nəticədə həmin səhmlərin qiymətləri fundamental göstəricilərlə izah edilməsi çətin olan səviyyələrə yüksəlib, bəzi hallarda artım 300%-i ötüb. Xüsusilə, Pusula Portföyün idarə etdiyi fondların Gündoğdu şirkətinin kapitalının təxminən 39%-nə, Tera ilə əlaqəli fondların isə Destek Finansın sərbəst dövriyyədə olan səhmlərinin təqribən 39%-nə sahib olması diqqət çəkən əsas məqamlardan biri olub.
Belə bir sistemin dayanıqlı olmadığı aydın idi və nəticədə böhran baş verdi.
Pusula Portföy idarə etdiyi bəzi fondlarda investorların payların geri alınması ilə bağlı tələblərini vaxtında icra edə bilmədiyini açıqladıqdan sonra yaranan panika daha geniş bazara yayıldı. Sentyabrın 16-da BIST 100 indeksi 5,54% geriləyərək günü 13 123 bənd səviyyəsində başa vurdu. Gün ərzində itkilərin 6%-i keçməsi səbəbindən səhm bazarında əməliyyatlar müvəqqəti dayandırıldı.
Bank sektoru indeksi 6,38%, holdinq indeksi 6,48%, böhrandan ən çox təsirlənən lizinq və faktorinq sektoru indeksi isə 9,74% gerilədi. Beləliklə, problem yalnız bir neçə şirkət və fondla məhdudlaşmadı, bütövlükdə bazara yayıldı.
Türkiyədə Maliyyə Sabitliyi Komitəsi növbədənkənar iclas keçirməli oldu. Kapital Bazarı Şurası (SPK) bir sıra portfel idarəetmə şirkətləri və fondlarla bağlı tədbirlər gördü. Paralel olaraq bazar manipulyasiyası və digər mümkün qanun pozuntuları ilə bağlı araşdırmalar başladıldı, bir neçə rəhbər şəxs saxlanıldı və çoxsaylı şəxslər barəsində ölkədən çıxış məhdudiyyətləri tətbiq edildi.
Bizim üçün əsas dərs nədir?
Hesab edirəm ki, bu hadisənin bizim kapital bazarı üçün də mühüm dərsləri var.
Azərbaycanda hazırda investisiya fondlarının idarə edilməsi üzrə lisenziyaya malik qurumlar olsa da, fond idarəçiliyi bazarı hələ ilkin inkişaf mərhələsindədir. Kapital bazarı genişləndikcə investisiya fondlarının yaradılmasına və kollektiv investisiya alətlərinə marağın artması təbiidir.
Bu baxımdan Türkiyədə baş verənləri yalnız qonşu ölkənin maliyyə bazarında yaşanan hadisə kimi qiymətləndirmək düzgün olmazdı. Bu təcrübə bizim üçün kapital bazarının növbəti inkişaf mərhələsinə hazırlaşarkən nəzərə alınmalı konkret dərslər təqdim edir.
Əsas nəticə budur: sektor inkişaf etməyə başlamazdan əvvəl adekvat nəzarət və tənzimləmə infrastrukturu qurulmalıdır. Bazar böyüdükdən və risklər sistem əhəmiyyəti qazandıqdan sonra bu mexanizmləri yaratmaq daha çətin və daha bahalı ola bilər.
Xüsusilə, əlaqəli tərəflər arasında mövqe konsentrasiyasının vaxtında aşkarlanması, fond portfellərində emitent və əlaqəli tərəf risklərinin məhdudlaşdırılması, likvidliyin və investorların geri alma tələblərinin qarşılanması imkanlarının davamlı monitorinqi, habelə kütləvi investisiyaya açıq fondlar üçün yüksək şəffaflıq standartlarının müəyyən edilməsi vacibdir.
Bu mexanizmlərin fondlar və bütövlükdə sektor hələ kiçik olarkən qurulması daha məqsədəuyğundur. Çünki kollektiv investisiya institutlarının böyüməsi ilə onların ayrı-ayrı emitentlərə, maliyyə institutlarına və bütövlükdə kapital bazarına təsiri də artır.
Türkiyə təcrübəsi göstərir ki, bir neçə bazar iştirakçısının fəaliyyəti nəticəsində yaranan problem yalnız həmin fondlar və ya şirkətlərlə məhdudlaşmaya bilər. Likvidlik problemi sürətlə etimad probleminə, etimad problemi isə satış dalğası vasitəsilə bank, sənaye, lizinq və faktorinq kimi ilkin mərhələdə hadisə ilə birbaşa əlaqəsi olmayan sektorlara yayıla bilər.
Məhz buna görə kapital bazarında nəzarətin əsas məqsədi yalnız pozuntu baş verdikdən sonra ona reaksiya vermək deyil. Daha vacibi risklərin konsentrasiya olunduğu nöqtələri əvvəlcədən müəyyən edə bilən, əlaqəli tərəflər arasındakı əməliyyatları izləyə bilən və likvidlik problemlərinin sistem riskinə çevrilməsinin qarşısını ala bilən preventiv nəzarət mexanizmlərinin yaradılmasıdır.
Kapital bazarının inkişafı təkcə yeni alətlərin, fondların və investorların sayının artması demək deyil. İnkişaf eyni zamanda həmin artımı daşıya biləcək institusional və tənzimləyici infrastrukturun formalaşdırılmasını tələb edir.
Çünki kapital bazarında ən qiymətli aktivlərdən biri etimaddır. Onun formalaşması illər tələb edir, itirilməsi isə cəmi bir neçə gün çəkə bilər.
Türkiyədə yaşanan hadisələrdən çıxarılmalı ən vacib dərs də məhz budur.
Müəllif: Asəf Məmmədov

