“Volkswagen” konserni genişmiqyaslı restrukturizasiya çərçivəsində 60 minədək əməkdaşını ixtisar etməyə və investisiya xərclərini 50 milyard avro azaltmağa hazırlaşır.
Məlumata görə, şirkətin Müşahidə Şurasının sentyabrın 4-də restrukturizasiya planını təsdiqləməsi gözlənilir. “Volkswagen” daxilində bu proqram şirkətin rəqabət qabiliyyətini qoruması üçün “son şans” kimi qiymətləndirilir. Plan investisiya və tədqiqat xərclərinin ümumilikdə 50 milyard avro azaldılmasını nəzərdə tutur.
Konsern 2030-cu ilədək illik avtomobil satışlarının təxminən 9 milyon ədəd səviyyəsində olacağını proqnozlaşdırır. Müqayisə üçün, 2019-cu ildə “Volkswagen” təxminən 11 milyon avtomobil satmışdı. Bu gözlənti şirkətin əvvəlki yüksək artım modelindən uzaqlaşmağa hazırlaşdığını göstərir.
Mümkün ixtisarlar Almaniya iqtisadiyyatı üçün də ciddi risk yaradır. Avtomobil sənayesi ölkə iqtisadiyyatının əsas sahələrindən biri olaraq qalır və məşğulluğun belə böyük həcmdə azalması avtomobil hissələri istehsalı, logistika və digər əlaqəli sektorlara da təsir göstərə bilər.
İnvestorlar üçün əsas məsələ “Volkswagen”in restrukturizasiyadan sonra elektromobil bazarında mövqelərini gücləndirə və eyni zamanda mənfəət marjasını qoruya bilib-bilməyəcəyi olacaq.

