Yenilənmiş “mygov” platformasının fəaliyyətə başlamasından iki il ötüb.
GDP xəbər verir ki,bu müddətdə platformada qeydiyyatdan keçən istifadəçilərin sayı 4 milyona, aylıq aktiv istifadəçilərin payı isə 57 faizə çatıb. İstifadəçi məmnuniyyəti 97,7 faiz təşkil edir.
Hazırda “mygov” vasitəsilə vətəndaşlara vahid rəqəmsal mühitdə 430 dövlət xidməti və 102 məlumat təqdim olunur. Son iki ildə 90-dan çox dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırılıb.
Platforma vətəndaşlara şəxsiyyət vəsiqəsi, ailə tərkibi və ailə vəziyyəti, sosial müdafiə və məşğulluq, təhsil, hərbi xidmət, nəqliyyat və sağlamlıqla bağlı məlumat və sənədlərə vahid məkandan çıxış imkanı verir. Rəqəmsal sənədləri QR kodla paylaşmaq və elektron formada yükləmək mümkündür. Qanunvericiliyə edilən dəyişikliklər nəticəsində 27 növ rəqəmsal sənəd fiziki sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.
“mygov” üzərindən əmək müqavilələrinin imzalanması, iş yeri və məhkumluq haqqında arayışların alınması, ilkin hərbi qeydiyyat, sürücülük vəsiqəsinin dəyişdirilməsi, etibarnamələrin verilməsi, təhsil müəssisələrinə elektron qeydiyyat, işğaldan azad edilmiş ərazilərə səfər icazələrinin alınması, eləcə də kommunal və digər ödənişlərin həyata keçirilməsi mümkündür.
Platformanın vahid rəqəmsal dövlət portalına çevrilməsi istiqamətində “e-Sosial”, “e-Su” və “e-Təbib” kimi ayrı-ayrı tətbiqlərin xidmət və funksionallıqları da “mygov”a inteqrasiya edilib.
Ümumilikdə, platformada rəqəmsal məlumat və sənədlərdən istifadə sayı 8,1 milyona çatıb. Ən çox istifadə olunan məlumat şəxsiyyət vəsiqəsi məlumatları olub — 4,11 milyon istifadə. İş yeri məlumatlarından 780 min, sürücülük vəsiqəsi məlumatlarından 283 min, ailə tərkibi məlumatlarından 277 min, nikah haqqında şəhadətnamə məlumatlarından isə 228 min dəfə istifadə edilib.
Təkcə avqust ayında “mygov” vasitəsilə rəqəmsal xidmətlərə 2,21 milyon müraciət qeydə alınıb. Əmək müqaviləsinin imzalanması 766 min müraciətlə ilk yerdə qərarlaşıb. İş yerinə dair arayış üçün 337 min, məhkumluq haqqında arayış üçün 313 min, mobil cihazların qeydiyyatı üçün 126 min, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu üçün isə 120 min müraciət daxil olub
Növbəti mərhələdə dövlət xidmətlərinin “mygov”da daha geniş şəkildə birləşdirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və süni intellekt imkanlarının platformaya geniş inteqrasiyası nəzərdə tutulur. Əsas prioritetlərdən biri vətəndaşlara fərdiləşdirilmiş və proaktiv rəqəmsal xidmətlərin təqdim edilməsidir.

