Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov Azərbaycanda mövcud inflyasiyanın strukturu barədə açıqlama verib.
GDP xəbər verir ki, AMB rəhbərinin sözlərinə görə, 2024-cü ilin 9 ayı ərzində inflyasiyanın formalaşmasında təklif faktorları əsas rol oynayıb.
Taleh Kazımov bildirib ki, inflyasiyaya artırıcı təsir göstərən amillər arasında ticarət tərəfdaşlarının inflyasiyası 6.2 faiz bəndi, kənd təsərrüfatı istehsalçılarının payı 1.31 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 0.8 faiz bəndi, dövlət istehlakı 0.68 faiz bəndi və tənzimlənən qiymətlər 0.6 faiz bəndi təşkil edib.
AMB sədri qeyd edib ki, eyni dövrdə inflyasiyanı azaldan amillər sırasında manatın nominal effektiv məzənnəsinin təsiri 4 faiz bəndi, digər amillərin təsiri isə 2.8 faiz bəndi olub.
T.Kazımov vurğulayıb ki, Mərkəzi Bankın tələbə təsir üçün əsas aləti uçot dərəcəsinin tənzimlənməsidir: “Faizlər artırılanda əhali və sahibkarlar daha çox yığıma üstünlük verir, azalanda isə bu, investisiya qoyuluşlarına stimul yaradır”.