Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) 2026-cı il üzrə Elektron Hökumət Araşdırmasında (E-Government Survey 2026) elektron hökumətin inkişafı indeksinə görə 0,8847 bal toplayaraq dünyanın 194 ölkəsi arasında 38-ci yerdə qərarlaşıb.
GDP xəbər verir ki, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) dərc etdiyi hesabatda Azərbaycan elektron hökumətin inkişaf səviyyəsi çox yüksək olan ölkələr qrupunda yer alıb.
Hesabata əsasən, Azərbaycanın Elektron Hökumətin İnkişafı İndeksi (EGDI) 2024-cü ildəki 0,7607 səviyyəsindən 2026-cı ildə 0,8847-yə yüksəlib. Beləliklə, iki il ərzində göstərici 0,1240 bənd və ya təxminən 16,3% artıb.
BMT-nin qiymətləndirməsində Azərbaycanın ayrı-ayrı istiqamətlər üzrə nəticələri belə olub:
– Onlayn Xidmətlər İndeksi (OSI)– 0,9501
– Telekommunikasiya İnfrastrukturu İndeksi (TII)– 0,8975
– İnsan Kapitalı İndeksi (HCI)– 0,8067
– Elektron iştirak göstəricisi (PE)– 0,9655
Hesabatda Azərbaycan Asiyada elektron hökumətin inkişafı baxımından ən böyük irəliləyişlərdən birini nümayiş etdirən ölkələr sırasında xüsusi qeyd olunub.
BMT ekspertləri ölkənin nəticələrini dövlət xidmətlərinin rəqəmsallaşdırılması, məlumatlara əsaslanan rəqəmsal idarəetmə sisteminin inkişafı, “myGov” platforması, rəqəmsal identifikasiya və sənədlər, məlumat mübadiləsi və dövlət sistemlərinin qarşılıqlı inteqrasiyası sahəsində əldə olunan irəliləyişlərlə əlaqələndiriblər.
Bundan başqa, Hökumət Buludunun inkişafı, dövlət qurumlarında informasiya texnologiyalarının koordinasiyası, eləcə də rəqəmsal inkişaf və süni intellekt strategiyaları Azərbaycanın göstəricilərinə təsir edən amillər kimi vurğulanıb.
Hesabatın şəhərlər üzrə qiymətləndirməsində isə Bakı Yerli Onlayn Xidmətlər İndeksinə (LOSI) görə 133-cü yerdə göstərilib. Bu nəticə ölkə üzrə elektron hökumətin inkişaf göstəricisi ilə paytaxtın yerli rəqəmsal xidmətlərinin qiymətləndirilməsi arasında fərq olduğunu göstərir.
Müqayisə üçün, 2026-cı ildə elektron hökumətin inkişafına görə Türkiyə 37-ci, Özbəkistan 32-ci, Gürcüstan 58-ci, Ermənistan isə 55-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, BMT-nin iki ildən bir hazırladığı hesabatda ölkələrin elektron dövlət xidmətləri, telekommunikasiya infrastrukturu və insan kapitalı üzrə inkişaf səviyyəsi qiymətləndirilir.
Müəllif:Aynur Qəniyeva

